Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva paytaxt məktəblilərinin də iştirak etdiyi 9-cu Bakı Beynəlxalq Kitab Sərgisi ilə tanış olub.
BŞTİ-dən
"TehsilMedia.az" a bildirilib ki, ümumi təhsil müəssisələrinin şagirdləri ilə birgə stendlərlə tanış olan M.Vəliyeva onlarla söhbət edib. Kitabın mənəvi və bəşəri dəyər olduğunu qeyd edən M.Vəliyeva mütaliənin üstünlüklərindən, vətənpərvərlik tərbiyəsinin aşılanmasında kitabların əhəmiyyətindən, bədii əsər qəhrəmanlarının insan həyatına təsirlərindən söhbət açıb. Həmçinin cəmiyyət tərəfindən böyük marağa səbəb olan bu cür sərgilərin, kitab yarmarkalarının keçirilməsinə hər zaman ehtiyac olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, sərgidə məktəblilər Azərbaycan və dünya ədəbiyyatına dair klassik və çağdaş nümunələrlə yaxından tanış olur, maraqlı təqdimatlarla çıxış edir, Azərbaycan yazıçıları ilə görüşüb onların kitablarını öz imzaları ilə əldə edirlər.