Dövlət ittihamçısının kassasiya protesti əsasında rüşvətalmada təqsirləndirilən Kəlbəcər rayonu 3 saylı tam orta məktəbinin keçmiş direktoru Bəylər Bəylərov həbs olunub.
TehsilMedia.az xəbər verir ki, onunla bağlı kassasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsində baxılıb.
Hökmə əsasən, sabiq məktəb direktoru 1 il 6 ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, B.Bəylərov 2003-cü ildən Kəlbəcər rayonu 3 saylı tam orta məktəbin direktoru vəzifəsində işləyib. O, 2017-ci ildə keçirilən müsabiqədə müvəffəqiyyət qazanmamış şəxsdən 2 500 manat pulu rüşvət yolu ilə alaraq direktoru olduğu məktəbə müəllim vəzifəsinə təyin edib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 1 il 6 ay müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə B.Bəylərova 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci (Şərti məhkumetmə) maddəsi tətbiq olunaraq, ona təyin edilən 5 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası 3 il sınaq müddəti ilə şərti hesab olunub.
Hökmdən narazı qalan dövlət ittihamçısı Ali Məhkəməyə müraciət edib. Məhkəmə kassasiya şikayətini qəbul edərək yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərib.