Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müvafiq əmri əsasında 30.03.2023-cü il tarixində Siyəzən şəhəri Nazim Əsədov adına 4 nömrəli və Rasim Ramazanov adına 5 nömrəli tam orta məktəblərində təlim-tədris prosesinin təşkilinə nəzarət, əmək intizamı, şagird davamiyyətinin vəziyyəti, təhsil sənədlərinin işlənməsi və digər məsələrin araşdırılması məqsədilə monitorinq həyata keçirilib.
TehsilMedia.az xəbər verir ki, bu barədə Quba-Xaçmaz Regional Təhsil İdarəsi məlumat yayıb.
Qeyd olunub ki, monitorinq zamanı hər iki məktəbdə ciddi nöqsanların olduğu, məktəb direktorlarının rəhbərlik etdikləri təhsil müəssisələrinin fəaliyyətinə zəif nəzarət etdiyi və vəzifə öhdəliklərini düzgün yerinə yetirmədikləri müəyyən olunub.
Yol verilmiş nöqsanlarla əlaqədar olaraq Azərbaycan Respublikası elm və təhsil nazirinin müvafiq əmri ilə qeyd olunan ümumi təhsil müəssisələrinin rəhbərləri ilə bağlanmış əmək müqavilələrinə 01.05.2023-cü il tarixdən öz ərizələri əsasında xitam verilib və onlar tutduqları vəzifədən azad edilib.