“Şagirdlərin psixoloji sağlamlığının inkişafı” layihəsi Elm və Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsində qalib olub.
Layihənin rəhbəri Bakının Suraxanı rayonu 315 saylı orta məktəbin ibtidai sinif müəllimi Türkan Xəlilovadır. Layihənin əsas məqsədi sistemli psixoloji sağlamlıq proqramı hazırlamaq, proqram çərçivəsində şagirdlərlə 6 həftəlik tapşırıqlar icra etmək və bu istiqamətdə pedaqoji kollektiv və valideynləri maarifləndirici təlimlərə cəlb etməkdir.
Layihə çərçivəsində proqram hazırlanıb və kitabça şəklində çap edilib. Suraxanı rayonu üzrə seçilmiş 5 məktəbdə 250-yə yaxın şagirdlə 6 həftə ərzində proqramdakı tapşırıqlara əsasən seminarlar keçirilib. Hazırda 200-ə yaxın müəllim və valideynlərlə psixoloji seminarlar keçirilir. Seminarlar əsasən “Uşaq psixologiyası”, “Psixoloji inkişaf” “Psixoloji sağlamlıq”, “Psixoloji testlər” və digər mövzuları əhatə edir. Təlimlər uşaq psixoloqu və təlimçi Jalə Məmmədova tərəfindən aparılır.
Layihənin fevral ayının sonunda yekunlaşdırılması nəzərdə tutulub.