“Məktəbdə...” layihəsində növbəti görüş Bakı şəhəri 321 nömrəli tam orta məktəbdə keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, idarə tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı Xalq şairi Vahid Əziz olub.
Qonaq əvvəlcə şagirdlərin əl işlərindən ibarət “Zəfər guşəsi” ilə tanış olub.
Görüşdə Vahid Əziz xatirələrlə dolu məktəb illərindən, sevimli müəllimlərindən danışıb, müqəddəs ocaq bildiyi məktəbə, dəyərli peşə sahibləri olan müəllimlərə həsr etdiyi şeirlərini oxuyub. Vahid Əziz həyat yolunun maraqlı məqamlarından, sürətlə dəyişən dünyada nəsillər arasındakı oxşar və fərqli cəhətlərdən söz açıb.
Xalq şairi Vətən müharibəsində Azərbaycan gənclərinin bütün dünyaya nümayiş etdirdiyi qəhrəmanlığı ən gözəl vətənpərvərlik nümunəsi kimi dəyərləndirib. Məktəbi zirvələrə doğru gedən pillə adlandıran Vahid Əziz şagirdlərə gələcəkdə seçdikləri peşənin kamil mütəxəssisi olmağı arzulayıb, həyatda uğura nail olmağın yolları barədə tövsiyələrini verib, məktəbliləri düşündürən sualları cavablandırıb.
Daha sonra məktəblilər Vahid Əzizin Vətənə, Qarabağ Zəfərinə həsr olunmuş şeirlərini səsləndiriblər.
Sonda qonaq imzalı kitablarını məktəbin dəhlizində yaradılmış “Oxu guşəsi”nə hədiyyə edib.
Qeyd edək ki, "Məktəbdə...” layihəsinin əsas məqsədi şagirdlərdə mənəvi-əxlaqi dəyərlərə hörmət və mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, sosial şəbəkələrə aludəçiliyin aradan qaldırılması və mövcud imkanlardan səmərəli istifadə yollarını təbliğ etməkdən ibarətdir.