Ucar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə 5 saylı tam orta məktəbdə, eləcə də Alpı kənd tam orta məktəbində “Narkomaniyaya və erkən nikaha yox deyək” mövzusunda maarifləndirici tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirlərdə Təhsil şöbəsinin nümayəndələri, Rayon Polis Şöbəsinin əməkdaşları və yuxarı sinif şagirdləri iştirak ediblər.
Görüşlərdə çıxış edən Rayon Polis Şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Qoşqar Kazımov bildirib ki, əsrin bəlasına çevrilən və gənclərin gələcəyini məhv edən bu maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində ölkə ərazisində bütün zəruri tədbirlər görülür və bu qanunsuz əməllə məşğul olan şəxslərin ifşa olunması istiqamətində qətiyyətli əməliyyat tədbirləri keçirilir. Çıxışında yeniyetmə vaxtlarında gənclərin, xüsusən də qızların ailə qurmasından da danışan rəis müavini, erkən nikahların qanunla qadağan olunduğunu, bu cür halların gənclərin fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törətdiyini qeyd edib.
Görüşlərin sonunda məktəbliləri və digər iştirakçıları maraqlandıran suallar cavablandırılıb.