Müəllim - şagird-valideyn münasibətlərini təmin etmək üçün SEANS VƏ FORUM-lar təşkil edilsin.
Təhsilmedia.az saytı olaraq müəllim-şagird-valideyn əlaqələrinin tənzimlənməsi və düzgün şəkildə təşkili üçün Seans və ya Forumlar təşkil edilməsini təklif edirik. Təhsil Üçbucağı şagirdlərin düzgün tərbiyələnməsi və əsl şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır. Biz şagirdləri vahid tərbiyə sistemi altında tərbiyələndirmək və maksimum effekt almaq üçün valideynləri prosesə cəlb etməli və onların da bu prosesin iştirakçısı olduğuna inandırmalıyıq. Atalar boşuna deməyib: "Tək əldən səs çıxmaz". Uşaq günün yarısı məktəbdədirsə, digər yarısı evdə olur. Ona görə bu əlaqələri möhkəmləndirmək, eyni düşüncə tərzinə keçmək, gözləntiləri dəqiqləşdirmək və münasibətləri yaxşılaşdırmaq üçün bu təklifin çox önəmli və dəyərli olduğunu bildiririk. Məktəb kollektivi, müəllimlər, valideynlərlə həm tərbiyələndirici, həm maarifləndirici, həm də əyləncəli bir vaxt keçirmək hər 3 tərəf üçün də uğurlu olacaqdır.
Son zamanlar baş verənlərdən belə bir nəticə çıxır ki, valideynlər müəllimləri öz tərəfdaşları, güvənəcəkləri ikinci valideyn, ustad kimi görmək əvəzinə daha çox düşmən kimi görürlər. Görünür ki, arada güvənsizlik, inamsızlıq, mahiyyətim qavranılmaması var. Üstəlil hələ də valideynlərin çoxu yeni təhsil sistemi və cəmiyyətdə baş verən yeniliklərlə ayaqlaşa bilmir, mahiyyəti qavraya bilmirlər. Bu təklif bizi, sözsüz ki, uğura aparacaq.
Həm məktəb kollektivi arasında, həm Müəllim-valideyn arasında, həm valideynlər arasında, həm də valideyn-övlad arasında daha sıx bağ yaranacaq, fərqindəlik formalaşacaq. Təhlükəsiz, sağlam, pozitiv bir mühit yaradılacaqdır.
Bu forum və ya seanslar canlı şəkildə də onlayn şəkildə də keçirilə bilər. Hətta canlı olması daha xoş olar. Həqiqətən bir gün 1 saat müəyyənləşdirilib bütün şagird valideyn və kollektivin iştirakını təmin etmək bir akt zalı, bir proyektora bağlıdır. Bunu isə asanlıqla hər bir məktəbdə təmin etmək olar.
Əks təqdirdə onlayn şəkildə də təmin etmək mümkündür. Sadəcə diqqət etmək lazımdır ki, həm şagird, həm valideyn, həm də müəllimlər iştirak etsin.
Forum və ya Senaslarda nələr təqdim edilməlidir?
Bu daha çox həm əyləndirici, həm də öyrədici olmalıdır. Məsələn, təhsilə aid çox gözəl tərbiyəedici filmlər var. Hər kəsin mütləq izləməsi lazım olan filmlər. Belə bir film gecəsi təşkil etmək, sosial fərqindəliyə aid çox gözəl tərbiyələndirici filmlər, qısa filmlər var, çox gözəl mahnılar var, şeirlər, sənət əsərləri və s.
Hər dəfə fərqli bir yığıncaq amma mütləq tərbiyə və maarifləndirmə xarakteri daşımalıdır. Amma bu tamamilə asudə vaxtı səmərəli keçirmək səviyyəsində olmalıdır. Çıxışlar, danışıqlar, tərbiyələndirici söhbətlərdən qaçınmaq daha uyğun olacaqdır. Bu davamlı hal aldıqda birbaşa düşüncə, gözlənti, istəklərin eyniləşməsi, keyfiyyətin artırılması, münasibətlərin düzəldilməsinə təkan verəcəkdir.
Kiçik bir nümunə...
Bütün 7 ci sinif şagirdləri, valideynləri və müəllimləri 6-cı gün toplansınlar. Akt zalında proyektor vasitəsilə "Yerdəki Ulduzlar" filmi seyr edilsin.
Film təhsilə aid, məşhur, həm müəllim, həm şagird, həm də valideynlər tərəfindən maarifləndirici, tərbiyələndirici bir filmdir. Övlad ayrı-seçkiliyi, inkluzivlik, bullinq, mobbinq, təhsil sistemi, açıq düşüncə tərzi, uğur, motivasiya, əsl müəllim kimi problemlər qoyulmuş və həll yolu göstərilmişdir.
Beləliklə, bu Təhsil Üçbucağı üçün, təhsil sistemi və təhsilin keyfiyyətinin artırıması üçün çox uğurlu bir addım olacaqdır. Maliyyə baxımından, avadanlıq baxımından da heç bir tələbat yaratmır.