Sentyabrın 15-dən peşə təhsili müəssisələrində yeni tədris ilinə başlanılıb.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən "
TehsilMedia.az"a bildirilib ki, cari tədris ili üzrə proqnoz göstəricilərinə əsasən, agentliyin tabeliyində olan 72 peşə təhsili müəssisəsində 128 ixtisas üzrə təhsil alacaq 31 min 838 nəfər tədrisə başlayıb. Onlardan 20 min 775 nəfəri 2023/2024-cü tədris ili üzrə peşə məktəblərinə qəbul olanlardır.
Cari tədris ilində peşə təhsili üçün əlamətdar hadisələrdən biri də iyul ayında istifadəyə verilən Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzidir. Ən müasir infrastruktur, maddi-texniki baza ilə təchiz olunan Mərkəzin ərazisində 25 sinif otağı, 3 laboratoriya, 13 emalatxana, informatika kabineti, STEAM Mərkəzi, praktiki məşğələ otağı, kitabxana, 252 yerlik akt zalı, 128 yerlik yeməkxana, idman zalları və meydançaları, avtotəmir binası, maldarlıq ferması və digər köməkçi binalar yerləşir.
Qeyd edək ki, Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasına uyğun olaraq yeni peşə təhsili müəssisələrinin qurulması prosesi cari tədris ilində də davam edəcək. Həmçinin Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən 2026-cı ilə qədər Qarabağda da 8 yeni peşə təhsili müəssisəsinin tikilib istifadəyə verilməsi planlaşdırılır.