"Hazırda ölkədə peşə hazırlığında vəziyyət fərqlidir. Əmək bazarı olduqca çevikdir, tez-tez dəyişir. Buna uyğun olaraq kadr hazırlığı sisteminin də çevikliyi təmin edilməlidir".
TehsilMedia.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış” mövzusunda konfransda çıxışı zamanı deyib.
O bildirib ki, 2021-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin peşə hazırlığı proqramlarında adambaşı maliyyələşmə mexanizminə keçid edilərək 130-a yaxın özəl peşə təhsili müəssisəsi ilə əməkdaşlıq edilir.
“Peşə hazırlığı proqramlarına ciddi şəkildə baxmaq lazımdır. Həmin proqramlar dünya əmək bazarının tələblərinə uyğunlaşdırılmalıdır. Bu istiqamətdə nazirlik peşə və kvalifikasiya standartlarını hazırlayıb. Proses davamlı xarakter daşıyır. Bu gün peşəyə olan marağın artırılması istiqamətində ciddi iş aparmalıyıq. Peşə hazırlığı işəgötürənlə birlikdə həyata keçirilirsə, o kursu bitirən şəxslərin işlə təmin olunmaq şansı artır”, - deyə nazir müavini qeyd edib.