Son üç ildə peşə məktəblərinə müraciət edənlərin sayı iki dəfə artıb. Müraciət edənlər arasında ali təhsilli şəxsləri də görmək mümkündür.
"Təhsilmedia.az" AZƏRTAC a istinad edərək bildirir “Müasir Azərbaycan peşəkarı” rubrikasında peşə məktəbinin məzunu Səbinə İmanovanın hekayəsini təqdim edir.
Əslən Ağdam şəhərindən olan Səbinə İmanovanın 51 yaşı var. O, orta məktəbi yüksək qiymətlərlə bitirib, lakin ali məktəbə qəbul olmaq üçün ilk cəhdi uğursuz alınıb.
“Müsabiqədə iştirak edib tibb kursunda təhsil aldım. 1990-2017-ci illərdə Ağdam şəhər 7 saylı rus məktəbində laborant kimi çalışdım”, - deyə qəhrəmanımız bildirib.
Səbinə İmanova 1993-cü ildə ikinci dəfə ali məktəbə imtahan verib.
“Azərbaycan Dillər Universitetinə qəbul oldum. Lakin Birinci Qarabağ müharibəsi səbəbindən təhsil ala bilmədim. 1995-ci ildə ailə həyatı qurmuşam. İki övladım var, oğlum Vətən müharibəsi qazisidir”, - Səbinə İmanova qeyd edib.
Qəhrəmanımız qızının məsləhəti ilə 2021-2022-ci illərdə Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində sığorta işçisi ixtisasına sənədlərini təqdim edib. Peşə məktəbindən fəxri diplomla məzun olub. İstehsalat təcrübəsi dövründə “Atəşgah Sığorta” şirkətində aktivliyi ilə seçildiyi üçün hazırda orada əmlak sığortası və işçilərin həyat sığortası üzrə fəaliyyətini davam etdirir. Ötən il Mərkəzi Bank tərəfindən sığorta agenti fəaliyyəti üçün keçirilən lisenziya imtahanında uğur qazanıb.
Qeyd edək ki, hazırda ölkəmizdə peşə təhsili alan 28 min 652 nəfərdən 8931-i qadındır.