Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin Bərdə şəhərində yerləşən Qarabağ Peşə Hazırlığı Mərkəzinə mediatur təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, media nümayəndələri işaxtaran və işsiz şəxslərin əmək bazarının tələbatına uyğun peşələrə yiyələnməsi üçün Mərkəzdə yaradılan şəraitlə tanış olublar.
Bildirilib ki, ötən ilin avqust ayında Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan Qarabağ Regional Peşə Hazırlığı Mərkəzində 7 emalatxana, 8 sinif və instruksiya otağı, Peşəyönümü və Karyera Planlaması Mərkəzi, inzibati və texniki otaqlar fəaliyyət göstərir.
Mərkəz tərəfindən artıq 61 nəfər ərzaq və qeyri-ərzaq mallarının satıcısı, nəzarətçi-xəzinədar, rəqəmli idarə olunan dəzgahların kompüter operatoru və kompüter operatoru, qənnadçı, şirniyyatçı, qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər peşələri üzrə hazırlıq kurslarına cəlb edilib.
Ümumilikdə, Mərkəzdə bu il 1000 nəfərin peşə hazırlığına cəlb olunması nəzərdə tutulub.
Qarabağ Peşə Hazırlığı Mərkəzində 48 peşə istiqaməti (dərzi, tikişçi, dizayner, aşpaz, ofisiant, bərbər, vizajist, çilingər, dülgər, tornaçı, xarrat, mebel ustası, rəngsaz, qaynaqçı, informasiya texnologiyaları və s.) üzrə tədrisin təşkili üçün imkanlar yaradılıb.
Təlimlər xüsusi meyarlar üzrə qiymətləndirilmiş mütəxəssislər tərəfindən həyata keçirilir.