Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanovun Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş kitabı işıq üzü görüb.
Bu barədə "TehsilMedia.az"a AMEA-dan bildirilib.
Kitab xalqımızın böyük oğlu, xilaskarı və Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin memarı, milli siyasi sistemin yaradıcısı, azərbaycançılıq ideologiyasının banisi Ulu Öndər Heydər Əliyevin qəhrəmanlıqlarla və mübarizələrlə dolu ömrünə ithaf olunub.
Monoqrafiyada tariximizdə Heydər Əliyev erasını yaratmış Ulu Öndərin fəaliyyəti təkcə Azərbaycanın etnosiyasi coğrafiyası ilə bağlı olmadığına görə kitab Sovet xalqları, həmçinin Şərqi Avropadan tutmuş Afrika ölkələrinə qədər olan xalqların tarixində oynadığı roldan, onların həyatına təsir edəcək proseslərə imza atmasından da söhbət açılır.
Kitabda Heydər Əliyevin şəxsiyyət kimi formalaşdığı dövrlər, dünyanın əsas siyasi liderlərindən birinə çevrilməsi mərhələləri, bu yolda rastlaşdığı çətinliklər, məhrumiyyətlər, lakin bütün qara qüvvələrə üstün gələn parlaq zəka, dəmir iradə, cəsarət, fəhm, milli təəssübkeşlik qələmə alınıb. Beş fəsildən ibarət olan kitabın ilk fəsli uşaqlıq, gənclik və yetkinlik illərinə, ikinci fəsli Azərbaycanda siyasi hakimiyyətdə olduğu 1969-1982-ci illərə, üçüncü fəsli Moskva dövrünə (1983-1990), dördüncü fəsli ömrünün Naxçıvan mərhələsinə (1990-1993), sonuncu fəsil isə xalqın tələbi ilə hakimiyyətə gəldiyi 1993-cü ildən sonrakı gərgin fəaliyyətinə həsr edilib.