“Azərbaycan ordusunun Qarabağda keçirdiyi anti-terror əməliyyatı bizim daxili işimizdir və heç bir ölkə buna qarışa bilməz. Bununla da 10 noyabr Birgə Bəyannaməsinin 4-cü bəndini Azərbaycan özü icra etməli oldu”. TehsilMedia.az xəbər verir ki, bu fikirləri “Den.az”a açıqlamasında politoloq
Məhəmməd Əsədullazadə səsləndirib. O bildirib ki, Azərbaycan ərazisində "Boz zona" ola bilməz və rəsmi Bakı konstitusiya quruluşunu Xankəndi və ətrafında tətbiq edəcək: “Bundan sonra heç bir silahlı erməni birləşməsi Azərbaycan ərazisində qalmayacaq. Azərbaycan anti-terror əməliyyatını keçirməklə Ermənistanın 30 il ərzində apardığı separatçıları dəstəkləmək siyasətini də fiaskoya uğradır. Xankəndində Azərbaycanın üç rəngli bayrağı dalğalanacaq. Prezident İlham Əliyevin apardığı bu siyasət stratejidir. Ermənistanın ikinci dövlət qurmaq cəhdləri iflasa uğradı”.
Politoloqun sözlərinə görə, Ermənistan rəhbərliyi Azərbaycana qarşı hərbi təxribatlara əl atarasa, bu, böyük müharibəyə gətirib çıxara bilər: “Nəticədə Ermənistanın növbəti ərazi itkilərinə məruz qalması mümkündür. Türkiyənin siyasi dəstəyi nəticəsində Azərbaycana qarşı İran və Rusiyanın siyasi -hərbi təxribatlarının qarşısı alınıb. Azərbaycan konstitusiya quruluşunu bərpa etməyi qarşıya məqsəd qoyubsa, Xankəndində Azərbaycan bayrağı ucaldılacaq”.