23 və 24 oktyabr tarixlərində Özbəkistan Respublikasının Səmərqənd şəhərində “Türk Dövlətləri Təşkilatı II İnsan Resursları Görüşü” keçirilir.
TehsilMedia.az xəbər verir ki, Özbəkistan Respublikasının Prezidenti yanında Dövlət Qulluğunun İnkişafı Agentliyinin təşkilatçılığı ilə həyata keçirilən görüşdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstandan olan nümayəndələr iştirak edirlər.
“Dövlət qulluğuna istedadların cəlb edilməsi – Dayanıqlı gələcək üçün təməl” mövzusunda keçirilən görüşün əsas məqsədi mövzu ilə əlaqədar ölkə təcrübələrinin paylaşılması, ikitərəfli görüşlərin keçirilməsi və müqavilələrin/memorandumların imzalanmasıdır.
Tədbirdə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Səriştələrin qiymətləndirilməsi və istedadların idarəedilməsi üzrə Dövlət İmtahan Mərkəzinin fəaliyyəti” mövzusunda təqdimatla çıxış edib. Təqdimat zamanı DİM-in bu istiqamətdə hazırki dövrə qədər gördüyü işlər, həyata keçirilən beynəlxalq layihələr, sahə üzrə təcrübəsi, hazırki dövrə qədər icra edilən, həmçinin gələcəkdə icrası planlaşdırılan işlər barədə ətraflı məlumat verilib.
Görüş zamanı nümayəndələr tərəfindən tədbirlə əlaqədar ümumi fikirlər bölüşülüb, iki ildir ki, keçirilən görüşlərin gələcəkdə daha da səmərəli təşkili və əlaqələrin genişləndirilməsi istiqamətində müzakirələr aparılıb və müvafiq təkliflər hazırlanıb.
Qeyd edək ki, tədbirdə Azərbaycan nümayəndələrindən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, Akademiyanın Elmi təşkilat və beynəlxalq əlaqələr şöbəsinin müdiri Elvin Əzizbəyov, DİM-in Beynəlxalq əlaqələr şöbəsinin Beynəlxalq layihələrlə iş sektorunun müdiri Ayşən Atakişiyeva da iştirak edirlər.