Hüseyn Cavidin Ev Muzeyində 8 Noyabr - Zəfər Günü münasibətilə “Duydum şöhrətini bütün ellərdə, Zəfər dastanların gəzir dillərdə” (Hüseyn Cavid) devizi altında tədbir keçirilib.
Bu barədə
"TehsilMedia.az" a muzeydən bildirilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin və Vətən müharibəsində həlak olan həmvətənlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbiri giriş sözü ilə Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı açıb. O bildirib ki, cəmi 44 gün davam edən müharibədə 30 il işğal altında qalan torpaqlarımızın düşmənlərdən azad edilməsi, 23 saat ərzində antiterror əməliyyatı nəticəsində Qarabağın separatçı rejimdən tam təmizlənməsi bütün dünyanın heyrətinə səbəb oldu. Bu dünya müharibə tarixində baş vermiş nadir hadisədir. Buna görə biz bir millət kimi öz siyasi liderimizə, Ali Baş Komandanımıza minnətdarıq, Pezidentimiz ilə qürur duyuruq.
Sonra muzeyin aparıcı elmi işçisi, fil.ü.f.d., dos. Əzizağa Nəcəfzadə çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin II Qarabağ müharibəsində bir sərkərdə kimi qələbədən əlavə, siyasi arenada da diplomatik zəfər qazandı. Onun arenası dünya mətbuatı, dünya televiziyası, silahı isə nitqi idi.
Tədbirdə, həmçinin muzeyin direktor müavini Lalə Əliyeva, elmi katibi, fil.ü.f.d. Validə Həsənova, Elmi fondlar və kitabxana şöbəsinin müdiri Cəmilə Rzayeva və başqaları çıxış edərək şanlı zəfər tariximizin milli iftixar mənbəyimiz olduğunu vurğulayıblar.
Sonda tədbir iştirakçıları muzeyin fond materialları əsasında hazırlanmış “Kəssə hər kim tökülən qan izini, Qurtaran dahi odur yer üzünü” adlı tematik kitab sərgisi ilə tanış olub və xatirə şəkli çəkdiriblər.