Aprelin 23-25-də Bakıda “İnformasiya texnologiyaları və onların tətbiqi” üzrə 2-ci beynəlxalq konfrans (ITTA’2024) təşkil olunacaq.
Konfrans Elm və Təhsil Nazirliyi, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti, İdarəetmə Sistemləri İnstitutu (İSİ), İnformasiya Texnologiyaları İnstitutu, Polşanın Bydgoszcz Elm və Texnologiya Universiteti, Türkiyənin Ege Universiteti, Ukraynanın V.M.Qluşkov adına Kibernetika İnstitutu və Qazaxıstanın İnformasiya və Hesablama Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə keçiriləcək.
İSİ-dən AzEdu.az-a bildirilib ki, beynəlxalq konfransın əsas məqsədi elmi-tədqiqat müəssisələri, universitetlər, beynəlxalq təşkilatlar, dövlət və özəl sektorlardan olan nümayəndələri bir araya gətirərək informatika sahəsində mövcud elmi və praktiki problemlərin müzakirə edilməsidir.
Konfrans tikinti və memarlıqda, təhsildə, mürəkkəb obyektlərin və proseslərin idarə edilməsində informasiya texnologiyaları, süni intellekt və onun tətbiqləri, böyük verilənlərin emalı problemləri və üsulları, paralel hesablama, intellektual idarəetmə sistemləri, kompüter şəbəkələri və kibertəhlükəsizlik məsələləri və s. kimi elmi istiqamətləri əhatə edəcək.