Azərbaycanda valideyn himayəsindən məhrum olan uşaqların saxlanıldığı müəssisələr bir neçə qurumun tabeliyindədir.
Onların bir qismi Elm və Təhsil Nazirliyinin, digər hissəsi yerli icra hakimiyyəti orqanlarının, bəziləri isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyinə daxildir.
Bu sahədəki pərakəndəlik nədən irəli gəlir? Valideyn himayəsindən məhrum olan uşaqlar üçün ayrılmış hansı müəssisələri bir qurumdan idarə etmək olmazmı?
TehsilMedia.az "AzEdu.az" a istinadən xəbər verir ki, sözügedən mövzu ilə bağlı Elm və Təhsil Nazirliyinə sorğu göndərib.
Sorğumuza cavab olaraq bildirilib ki, Elm və Təhsil Nazirliyi tabeliyində valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 internat məktəbi fəaliyyət göstərir.
“Onlardan 1 müəssisə həm sağlamlıq imkanları məhdud uşaqlar üçün, həm də valideyn himayəsindən məhrum uşaqlar üçündür. Sözügedən müəssisələrdə uşaqlar təhsil alır və yaşayırlar. Bununla yanaşı bildiririk ki, Təhsil Nazirliyinin tabeliyində 2 ailə tipli kiçik qrup evi fəaliyyət göstərir.
Ailə tipli kiçik qrup evi - qısa yaxud uzunmüddətli qayğıya qəbul edilmiş valideyn himayəsindən məhrum olmuş uşaqlara (12 nəfərdən çox olmayaraq) qəyyumluq (qayğı), himayədarlıq və sosial xidmətlər göstərən yaşayış tipli alternativ xidmət müəssisəsidir. Ailə tipli kiçik qrup evinin yaradılmasında məqsəd uşaq ailəsinə qayıdana, uzun müddətli himayədar qayğı xidməti ilə təmin edilənə və ya uşağın mövcud problemi həll olunanadək ev şəraitində uşaqlara qayğı göstərməkdən ibarətdir.
Ailə tipli kiçik qrup evinin vəzifələri keyfiyyətli qayğı xidmətləri təmin etmək, uşağın yaş və fərdi xüsusiyyətlərini nəzərə almaqla onun mənəvi, fiziki, psixoloji, sosial inkişafını təmin edərək onlarda müxtəlif bacarıqları formalaşdırmaq, hüquqlarını müdafiə etmək, uşağın müstəqil həyata, cəmiyyətə inteqrasiya olunması üçün hazırlamaq və ən əsası uşaq üçün ev şəraitində zəruri şəraiti təmin etməkdən ibarətdir. Kiçik qrup evində uşaqlar evə yaxın ərazidə yerləşən təhsil müəssisələrində təhsil alırlar.
Yuxarıda qeyd olunan müəssisələrə valideyn himayəsindən məhrum olmuş uşaqların qəbulu və habelə həmin müəssisələri tərk etməsi Əmək və Əhalinin Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin qərarı əsasında həyata keçirilir”.
Nazirlikdən qeyd olunub ki, uşaq evləri Elm və Təhsil Nazirliyinin tabeliyində deyil:
“Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli 1941 nömrəli sərəncamı ilə Təhsil Nazirliyinin tabeliyində olan uşaq evləri yerli icra hakimiyyəti orqanlarının tabeliyinə verilmişdir”.
Bildirilib ki, “Ümumtəhsil internat məktəblərinin nümunəvi əsasnaməsi”ndə nəzərdə tutulmuş fəaliyyətlərin icra olunmasına, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün təhsil müəssisələrində təhsilin keyfiyyətinə və təhsilin müvafiq dövlət standartlarına uyğun təşkilinə dövlət nəzarətini Elm və Təhsil Nazirliyi həyata keçirir.
Milli Məclisin deputatı, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev AzEdu.az-a açıqlamasında valideyn himayəsindən məhrum olan uşaqların tərbiyə olunduğu müəssisələrin niyə bir quruma tabe olmadığını belə izah edib:
“Valideyn himayəsindən məhrum olan uşaqların həm Elm və Təhsil Nazirliyinin, həm Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin, həm də yerli icra hakimiyyəti orqanlarının tabeliyində olması , sözügedən uşaqların təhsili, tərbiyəsi və onlara qayğı ilə bağlı olan məsələlərdir. Eyni zamanda, yaş qruplarına görə bu bölgülər aparılır. Çünki məktəb yaşına qədər olan, sağlam uşaqların nə Əmək və Sosial Müdafiə Nazirliyinin xüsusi qayğısına, nə də Elm və Təhsil Nazirliyinin təhsil-tərbiyə işlərinə ehtiyacı yoxdur. Ona görə də bu uşaqlar müvafiq icra hakimmiyyəti orqanlarının nəzdində olan müəssisələrdə saxlanılır. Eyni zamanda, onların qidalanması, inkişafı da yerli icra hakimiyyəti orqanlarının nəzarətində aparılır. Təhsilə cəlb olunanlar, yəni 6 yaşına çatmış uşaqlar isə Elm və Təhsil Nazirliyinin tabeliyində olan müəssisələrə yerləşdirilir. Burada əsas diqqət həmin uşaqların təhsil-tərbiyəsi olur. Onlar sağlam uşaqlardır və xüsusi qayğıya da ehtiyacları yoxdur. Hansı ki, bəzi uşaqların psixi, nevroloji və genetik xəstəlikləri var və təhsilə cəlb etmək mümkün deyil, onlar isə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində olan müəssisələrə yerləşdirilir".
Deputat bu bölgünün təkcə bizim ölkəmiz üçün xarakterik olmadığını vurğulayıb:
“Dünyanın bir çox ölkələrində sözügedən proses bu cür aparılır. Burada əsas məqsəd valideyn himayəsindən məhrum olan uşaqların tərbiyəsi, təhsili, sağlamlığı, qidalanması və sosiallaşması üçün uyğun şəraiti yaratmaqdır”.