1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Bakıya yeridilməsi nəticəsində azadlıq uğrunda mübarizəyə qalxan Vətən övladları şəhid oldu, yaralandı və qanunsuz həbs olundular. Şəhid olanlardan 3-ü Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı olub.
Elm və Təhsil Nazirliyi Botanika İnstitutunda "
TehsilMedia.az"a bildirilib ki, bunu 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş tədbirdə elmi müəssisənin direktoru Səyyarə İbadullayeva söyləyib.
S.İbadullayeva 20 Yanvar faciəsinin Azərbaycan xalqının uzun illər mübarizə apardığı istiqlal savaşının, milli iradə və azadlığının təntənəsi olduğunu deyib. Qeyd edib ki, 20 Yanvar faciəsinə ilk siyasi münasibəti Ümummilli Lider Heydər Əliyev 21 yanvar 1990-cı ildə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən yığıncaqda söyləyib. S.İbadullayeva Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun torpaqlarımızı erməni işğalından azad etdiyini və ölkəmizin suverenliyini, ərazi bütövlüyünü bərpa etdiyini vurğulayıb. O, bu gün Azərbaycanın müstəqilliyi, habelə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin ruhunun şad olduğunu bildirib.
Tədbirdə institutun əməkdaşları 20 Yanvar hadisələrini xalqımızın qəhrəmanlıq tarixi kimi səciyyələndirərək fikirlərini bildiriblər.
Sonda Botanika İnstitutunun kollektivi Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin xatirəsini yad edib, məzarları üzərinə tər çiçəklər düzüblər.