Rəsmi desək, “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və
ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası)”. Bəs bu nə deməkdir?Diplomun Tanınması, Lissabon Konvensiyası, 64 nömrəli Nazirlər Kabinetinin qərarı və digər normativ-hüquqi sənədlərlə tənzimlənir. İlk növbədə, ərizəçilərin sənədləri qəbul olunur, düzgünlüyü yoxlanılır, daha sonra ekspertiza çərçivəsində xarici diplomların Azərbaycanda ali təhsil üzrə dövlət standartlarına uyğunluğu araşdırılır, yəni təhsilin məzmunu, keyfiyyəti, dərs saatları və s. Bütün bu məlumatlar əsasında yekun qərar qəbul edilir.
Qeyd edək ki, 2014-cü ildən etibarən yuxarıda göstərilən bütün bu proseslər elektron ərizə sistemi üzərindən həyata keçirilir. Sənədlərin qəbulundan tutmuş yekun qərarın verilməsinə qədər sıfır təmas prinsipi tətbiq olunur.
Diplomu tanınan universitetlər
Burada əsas sual diplomun “Azərbaycanda tanınmasını əvvəlcədən necə müəyyən etmək olar” sualıdır. Bu məqam böyük əhəmiyyət kəsb edir. Belə ki, ali təhsil müəssisəsi öz ölkəsində tanınmırsa, lisenziyası və ya akkreditasiyası yoxdursa, təhsil müəssisəsinin verdiyin diplom heç bir ölkədə tanınmayacaq. Ona görə valideynlərə, tələbələrə və təhsil alanlara tövsiyə olunur ki, xaricdə oxuyacağı təhsil müəssisəsini seçməzdən əvvəl universitetin statusu barədə hərtərəfli araşdırma aparsınlar və dəqiqləşdirsinlər.
İşə qəbulda diplomun tanınması
Bunu nəzə almaq lazımdır ki, xarici diplomların tanınması icbari deyil. Əgər işə qəbul zamanı işəgötürən tanınma haqqında şəhadətnamə tələb edirsə buna ehtiyac yaranır. Bu halda isə rəsmi veb saytı üzərindən diplomların tanınması barədə müraciət edə bilərsiniz. Əgər bu müraciət müsbət olaraq qiymətləndirilirsə və şəhadətnamə təqdim edildisə bu artıq tanınmadır. Bununla da həmin diplom sahibi Azərbaycan Respublikasında ali təhsillərini davam etdirmək və ya peşə istiqamətlərinə uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edəcəklər.
Tanınma nəqədər zaman alır?
Tanınma 30 iş günü müddətində həyata keçirilir. Bəzi hallarda tanınma daha uzun müddət çəkə bilir. Buna səbəb həmin ərizənin tanınması üçün əlavə məlumatların, sənədlərin tələb olunması zərurətindən irəli gəlir.
Tanınma ilə bağlı xidmət haqqı ilk illərdə 15 manat təşkil edirdisədə, Nazirlər Kabinetinin 507 saylı qərarı ilə Sənədlərin qəbulu və ekspertizanın keçirilməsi üçün artıq 250 manat dəyərində müəyyənləşdirilib.
Əgər vətəndaşlar və ya ərizəçilər tanınma barədə qərarlardan narazı olarlarsa, onlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada 30 gün ərzində məhkəməyə şikayət edə bilərlər. Qanunvericiliyə yaxın gələcəkdə əlavə və dəyişikliklərdən sonra ərizəçilərin məhkəmə ilə yanaşı, appelyasiya komissiyasına müraciət etmək hüququ da yaranacaq.