AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Azərbaycan Gəncləri Günü qeyd olunub.
Bu barədə "
TehsilMedia.az"a MEK-dən məlumat verilib.
Bildirilib ki, tədbirdə MEK-in direktoru professor Məmməd Əliyev Ümummilli Lider Heydər Əliyevin gənclər siyasətindən, gənc nəslin cəmiyyətdəki rolundan danışıb. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən hər il bu tarixin Azərbaycan Gəncləri Günü kimi qeyd edildiyini vurğulayıb. Qeyd edib ki, ölkəmizdə gənclər siyasəti uğurla davam etdirilir, mövcud ənənələr əsasında daha da təkmilləşdirilərək Azərbaycan gəncliyi ilə bağlı dövlət proqramları qəbul olunur. Gənc nəsil mənəviyyatca zəngin, vətənpərvərlik ruhunda hərtərəfli inkişaf edir, ölkə həyatında və tarixində dərin izlər buraxır.
Direktor kitabxanaçı peşəsinə sadiq qalaraq oxucularla daim təmas yaradan, onlara kitabxana sahəsində xidmət göstərən MEK-in gənc əməkdaşlarının işlərinin öhdəsindən layiqincə gəldiklərini bildirib. Qeyd edib ki, onlar müxtəlif elmi konfransların, layihələrin təşkilində və keçirilməsində yaxından iştirak edirlər.
Kitabxananın bütün gənc əməkdaşlarını təbrik edən direktor onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Sonda fəallıqları ilə seçilən MEK-in bir qrup gənc əməkdaşına pul mükafatı və təşəkkürnamələr təqdim olunub.