Mayın 5-də Sumqayıt Dövlət Universitetinin Böyük Akt Zalında
"Heydər Əliyev İli” çərçivəsində Sumqayıt Dövlət Universiteti və Azərbaycan
Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin birgə
təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik
yubileyinə həsr olunmuş konsert proqramı keçirilib.
TehsilMedia.az xəbər verir ki, tədbirdə SDU-nun rəhbərliyi, professor-müəllim və tələbə heyəti ilə
yanaşı, Sumqayıt Musiqi Kollecinin nümayəndələri iştirak ediblər.
Konsert proqramı Ulu Öndər Heydər Əliyevin mənalı həyat yolundan
bəhs edən videoçarxın nümayiş olunması ilə başlayıb.
Sonra Sumqayıt Dövlət Universitetinin Klub müdiri Xalidə Quliyevanın
ifasında şair Ramiz Duyğunun müəllifi olduğu "Ulu Öndər” şeiri təqdim
edilib.
Daha sonra Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Oqtay Rəcəbov, Sərdar
Fərəcov, Rauf Məmmədov kimi bəstəkarların əsərləri və musiqisi, Sevil
Əliyevaya məxsus "Ana” mahnısı Sumqayıt Dövlət Universitetinin və
Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin
tələbələrinin ifalarında təqdim olunub.
Sumqayıt Musiqi Kollecinin kamera orkestri və xalq çalğı alətləri
ansamblının Bədii rəhbərləri Kamran Teymurov, Könül Bəkirova və Şəms
Əliyeva, Dirijor Respublikanın Əməkdar müəllimi Firəngiz Xəlilova, Kollecin
müəllimləri Aşıq Elçin Rəşid oğlu, Ayşə Əmrahova, Sumqayıt Musiqi
Kollecinin və Sumqayıt Dövlət Universitetinin istedadlı tələbələri Rəvan
Alməmmədli, Səkinə Qasımova, Kənan Əhmədzadə, Televiziya Muğam
Müsabiqəsinin laureatı Sədəf Budaqova Ümummilli Liderimizə həsr olunan
mahnı və simfoniya əsərləri ilə bərabər, Vətən, qəhrəmanlıqla bağlı nəğmələr
təqdim ediblər.
Sonda Sumqayıt Dövlət Universitetinin rektoru, professor Elxan
Hüseynov və Sumqayıt Musiqi Kollecinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə
doktoru, dosent Səbinə Mehdiyeva iştirakçıları salamladı və tələbələrin uğurlu
çıxışlarını yüksək dəyərləndirdilər. Qeyd etdilər ki, tariximizə qızıl hərflərlə
həkk olunmuş müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Şübhə
yoxdur ki, xalqımız onun müəllifini özünün tarixində və qəlbində əbədi
yaşadacaq, Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada
qoşa səslənəcəkdir.
Azərbaycan xalqı Ulu Öndərin siyasi kursunu davam etdirməklə
möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da
öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth
edəcəkdir.
Tədbirdə qeyd olundu ki, Ümummilli Lider Heydər Əliyevin 100 illiyi
münasibətilə Sumqayıt Dövlət Universitetində silsilə tədbirlər davam
etdiriləcəkdir.
TƏHSİL MEDİA