Bakıda yeniyetməyə qarşı həmyaşıdları tərəfindən zorakılıq olub.
Görüntülərdə yeniyetmə qızın başına yumurta çırpılır, saçı kəsilir və digər bullinq hərəkətləri edilir. Bunu edənlərin Şüvəlanda yerləşən 156 saylı məktəbin şagirdləri olduğu bildirilir.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov saytımıza bildirib ki, videogörüntülərdən məlumatlıdırlar:
“Nəzarətə götürülüb. Hazırda araşdırma gedir, iş üzrə ekspertiza təyin olunub. Araşdırmaların nəticəsindən asılı olaraq müvafiq tədbirlərin görülməsi təmin olunacaqdır”.
Videonun etik qaydalara sığmadığını və insanların həssaslığını nəzərə alaraq yayımlamırıq.
Hadisə ilə bağlı Bakı Şəhər Təhsil İdarəsi də açıqlama yayıb:
“Paytaxtdakı 156 nömrəli tam orta məktəbin XI sinif şagirdinin (müvafiq səbəblərə görə adı qeyd olunmur) 2023-cü ildə məktəbin IX sinfindən məzun olmuş qıza qarşı məktəbdən kənarda etdiyi uyğunsuz hərəkətlər ilə bağlı məsələ nəzarətə götürülüb. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək”.