Tbilisidə Azərbaycan və Gürcüstan Yazıçılar birliklərinin üzvü, "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Gürcüstan üzrə nümayəndəliyinin rəhbəri, əməkdar jurnalist Şahismayıl Şəmmədoğlunun "Heydər Əliyev – Gürcüstan” kitabı Azərbaycan və gürcü dillərində nəşr olunub.
"tehsil.media"ın məlumatına görə, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə "Heydər Əliyev ili” çərçivəsində çap olunan kitabda müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin məqsədyönlü xarici siyasəti nəticəsində iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasından, Azərbaycanın qonşu dövlətlə münasibətlərindən bəhs edilib, dahi şəxsiyyətin Qafqaz regionunu sülhün və sabitliyin hökm sürdüyü, təhlükədən uzaq bir məkan kimi görmək istədiyi nəzərə çatdırılıb.
Xalqımızın ulu öndərinin Gürcüstana göstərdiyi xüsusi diqqət və qayğısının bu ölkənin sabiq prezidenti Eduard Şevardnadze tərəfindən də yüksək qiymətləndirildiyi yada salınıb. Qonşu ölkədə müxtəlif rəhbər vəzifələrdə çalışan şəxslərin, alimlərin, maarif və mədəniyyət xadimlərinin Azərbaycan xalqının böyük oğlu barədə fikirlərinə yer verilib.
Kitabda xalqımızın ümummilli liderinin siyasi kursunu uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi islahatlar, Azərbaycan-Gürcüstan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi, 44 günlük Vətən müharibəsinin əhəmiyyəti, ermənilərin azərbaycanlılara qarşı törətdiyi terror və digər cinayətlər barədə oxuculara ətraflı məlumat verilib.
Qeyd edək ki, bu, əməkdar jurnalistin müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevə həsr etdiyi üçüncü kitabıdır.