Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi ixtisasında təhsil alan tələbələri Bakı şəhərinin Suraxanı rayonu Zığ qəsəbəsi və Günəşli qəsəbəsi ərazilərində sürüşmə sahələrində monitorinq aparıblar.
Universitetin Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müəllimi dosent Emil Qafarov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Agentliyinin əməkdaşları Temuraz Ələkbərov, Xətai Mirzəyev və alim Yaşar Xətibli tələbələrlə birgə sürüşmə riskli ərazilərə baxış keçiriblər.
Həmin ərazilərdə sürüşmə prosesləri, onların yaranma səbəbləri, təsir mexanizmləri və bu zonalardan əhalinin köçürülməsi üçün xəritələrin hazırlanma prinsipləri barədə tələbələrə ətraflı məlumat verilib.
Qeyd edək ki, təcrübə xarakteri daşıyan bu monitorinq tələbələr üçün praktiki biliklərin artırılması, real geoloji proseslərin öyrənilməsi və fövqəladə halların idarə olunması sahəsində nəzəri biliklərin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.