Azərbaycanda distant (onlayn) formada alınan xarici diplomlar hazırda rəsmi şəkildə tanınmır. Təhsildə Keyfiyyətin Təminatı Agentliyi bu qərarı distant təhsilin keyfiyyətinə nəzarət imkanlarının zəifliyi ilə əsaslandırır. Halbuki dünya üzrə ABŞ, Avropa və digər ölkələr distant diplomları beynəlxalq akkreditasiyalara əsaslanaraq tanıyır. Ekspertlər hesab edir ki, Azərbaycan fərdi qiymətləndirmə və beynəlxalq standartlara uyğun yanaşma tətbiq etməlidir.
Distant təhsil - tələbə və müəllimin eyni fiziki məkanda olmadan, əsasən internet üzərindən dərs keçdiyi təhsil formasıdır. Bu modeldə dərslər onlayn platformalar Zoom, Google Meet, Microsoft Teams, Moodle və s. vasitəsilə keçirilir. Tələbələr evdən və ya istənilən digər yerdən təhsilə qoşula bilirlər. Distant təhsil daha çox əyani təhsilin alternatividir. İnternetə çıxışı olan hər yerdə bu təhsil formasını almaq mümkündür. Distant təhsil müəyyən obyektiv səbəblər üzündən ali təhsil almaq imkanı olmayan və ya yeni ixtisas almaq arzusunu həyata keçirə bilməyənlər üçün real təhsil imkanları təqdim edir. Distant təhsil almaq üçün ödənilən məbləğ də təhsilin digər formaları ilə (əyani, qiyabi) müqayisədə olduqca aşağı olur. Distant təhsil forması həmçinin, əlilliyi, sağlamlıq durumu zəif olan gənclər üçün də əvəzolunmazdır.Sadalanan bütün bu üstünlüklərə baxmayaraq, xaricdə distant (onlayn) təhsil alanların diplomları hal-hazırda Azərbaycanda rəsmi olaraq tanınmır. Bu, Təhsilin Keyfiyyətinin Təminatı Agentliyinin (TKTA) və Nazirlər Kabinetinin qəbul etdiyi qaydalara əsasən belədir.
“Təhsil haqqında” Qanunun 13-cü maddəsində distant və eksternat təhsil forması nəzərdə tutulsa da, Nazirlər Kabineti tərəfindən distant təhsilin aparılması ilə bağlı əsasnamələr bu günə qədər təsdiq edilməyib. Nəticədə təhsilini tamamlayan məzunlar öz diplomlarını tanıtmaqda əziyyət çəkirlər.
Distant yolla ali təhsil alan Arzu Zeynalova deyir ki, bir ildir diplomunu alıb, amma təsdiqlədə bilməyib: “Distant formada beynəlxalq akkreditasiyalı universiteti bitirmişəm. Bütün fənləri uğurla keçdim, imtahanlar ciddi nəzarət altında oldu. Diplomumu aldım, amma Azərbaycanda deyirlər ki, distant formada olduğuna görə tanınmır. Dünyada qəbul olunan təhsil, bizdə sayılmır. ABŞ və Avropada distant diplomla insanlar dövlət işində işləyir, magistr, doktorantura oxuyur. Amma mən öz ölkəmdə heç bir yerdə istifadə edə bilmirəm. Azərbaycanda dövlət sektorunda işə qəbul zamanı mənim distant diplomum heç nə sayılır Distant təhsil asan deyil. Özün plan qurursan, dərslərə vaxt ayırırsan, tapşırıqları vaxtında təhvil verirsən. Görünyüdü kimi asan deyil. Xaricə gedib oxumaq üçün kifayət qədər maddi imkanım yox idi. Ona görə distant proqram seçdim. Bu daha əlçatan və çevik idi. İndi isə ölkəmdə bu diplomla işə girə bilməməyim böyük haqsızlıqdır. COVID dövründə bütün universitetlər distant tədrisə keçdi və həmin dövrdə verilən diplomlar tanındı. Amma indi eyni təhsil formasını görməzdən gəlirlər”.
Arzu Zeynalova hesab edir ki, əsas məsələ təhsilin distant yoxsa əyani olması deyil, proqramın məzmunu və keyfiyyətidir. Əgər distant proqram ciddi şəkildə aparılırsa, niyə tanınmasın?
Distant yolla alınan diplomların tanındığı ölkələr əsasən bu formadakı təhsili rəsmi və hüquqi olaraq qəbul edən dövlətlərdir. Demək olar ki, əksər Avropa ölkələrində distant yolla alınan diplomlar tanınır və qəbul olunur.
ABŞ-da distant təhsil rəsmi şəkildə tanınır. Bu şərtlə ki, onlayn diplomların tanınması üçün proqramlar regional akkreditasiyaya malik osun. İşə qəbul zamanı onlayn diplomlar əyani diplomlarla eyni səviyyədə qəbul edilir Xüsusilə dövlət və texniki sahələrdə.
İngiltərə və Şotlandiyada da “Open University” və digər universitetlərdə distant proqramlar geniş yayılıb. Tanınma üçün QAA akkreditasiyası (Quality Assurance Agency for Higher Education) vacibdir. Diplomda "distant" ifadəsi çox vaxt yazılmır və hüquqi cəhətdən əyani diplomla eyni hüquqdadır.
Almaniyada “Fernstudium” (uzaqdan təhsil) qanunidir. “SRH Fernhochschule”, “IUBH” kimi ali məktəblər distant diplomlar verir. Diplomlar Almaniyanın Təhsil Nazirliyi (KMK) tərəfindən tanınır və dövlət sektoru daxil olmaqla istifadə edilə bilir.
Kanada Onlayn proqramlar "Distance Education Accreditation" və “eCampus Ontario” kimi təşkilatlar tərəfindən akkreditasiyadan keçir. Distant diplomlar xüsusilə texnoloji və idarəetmə sahələrində tanınır. İmmiqrasiya və iş icazəsi prosesində də qəbul edilir.
Avstraliyada distant proqramlar Avstraliyanın rəsmi akkreditasiya orqanı olan TEQSA tərəfindən nəzarətdə saxlanılır. Diplomlar əyani təhsillə hüquqi baxımdan eynidir.
Skandinaviya ölkələri - Norveç, İsveç, Finlandiyada da distant proqramlar dövlət tərəfindən maliyyələşdirilir və tam tanınır. İştirakçılar dövlət sektorunda onlarla eyni hüquqa malikdir.
Hindistanda 2022-ci ildən etibarən UGC (University Grants Commission) distant diplomların rəsmi tanınmasını təmin edib. Lakin yalnız UGC-nin siyahısında olan universitetlərdə alınan diplomlar qəbul edilir.
Azərbaycan kontekstində distant təhsilin əsas problemlərindən biri də tədris prosesinin şəffaflığı ilə bağlıdır. Distant təhsildə tələbələrin biliyinin qiymətləndirilməsi ənənəvi təhsil ilə müqayisədə daha çətin olur. Belə ki, onlayn imtahanlarda saxtakarlıq və digər qeyri-etik davranış risqləri yüksəkdir. Təhsildə Keyfiyyət Təminatı Agentliyi məhz bu kimi problemləri əsas gətirərək distant təhsilin tanınmasının hazırkı mərhələdə mümkün olmadığını bildirir. Distant təhsilin tanınmamasının digər səbəbi ölkədə bu sahədə keyfiyyət təminatı sisteminin inkişaf etməməsidir. Məsələn, distant təhsilin standartlarının müəyyən edilməməsi, təhsil müəssisələrinin bu formatda tələbələrə lazımi səviyyədə bilik verib-verməməsini qiymətləndirmək üçün mexanizmlərin olmaması əsas çətinliklərdən biridir. Beynəlxalq təcrübədə distant təhsilin tanınması üçün ciddi akreditasiya tələbləri tətbiq olunur.ABŞ-da "Council for Higher Education Accreditation" (CHEA) və "Distance Education Accrediting Commission" (DEAC) kimi qurumlar distant təhsil proqramlarını təsdiqləyir və onların standartlara uyğunluğunu təmin edir. Azərbaycanda isə bu cür mexanizmlər hələ mövcud deyil.“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyir ki, məsələnin həlli üçün tədrici və balanslı yanaşma tələb olunur. TKTA distant diplomları avtomatik rədd etmək əvəzinə, onların keyfiyyətini dəyərləndirməli və akkreditasiya meyarlarını müəyyən etməlidir. Bu, həm tələbələrin hüquqlarını qoruyacaq, həm də Azərbaycanın ali təhsil sisteminin qlobal standartlara uyğunlaşmasını təmin edəcək: “Nazirlər Kabinetinin qəbul etdiyi “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na görə, distant formada alınan diplomların tanınması nəzərdə tutulmayıb. Sənədin 4-cü maddəsində tələbənin “hər bir tədris ili ərzində təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması ” və “tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması” nəzərdə tutulub. Müxtəlif vaxtlarda təhsil rəsmiləri müxtəlif səbəblərdən, həmçinin distant formada təhsilə nəzarət imkanlarının yetərli olmadığını əsas gətirərək bu təhsil forması ilə alınan diplomları tanımağa ehtiyatla yanaşıblar. Proses xeyli vaxtdır ki, bu qaydada davam edir. Baxmayaraq ki, Azərbaycanda iki il tədris distant formada aparılıb və hökumət bu qaydada verilən diplomlarımızı tanıyıb. Amma nüfuzlu xarici universitetləri distant formada bitirənlərin diplomları ölkədə hələ də tanınmır".
Osman Gündüzün fikrincə, bu yanaşma düzgün deyil: "İndiki zamanda tələbələri distant formada təhsil almaqdan məhrum etmək, həmçinin öz universitetlərimizə də bu təhsil forması üzrə lisenziya verilməsindən imtina etmək yanlış addımdır. Bununla biz həm universitelərimizi, həm də yeni ixtisaslara can atan gənclərimizi sanki arxadan tutub saxlayırıq. Dünyanın, qloballaşmanın, texnologiyaların və əmək bazarının indiki inkişaf səviyyəsində diplomların tanınması üçün tətbiq dilən “təhsil aldığı ölkənin ərazisində məcburi olmaq” prinsipi gənclərimizin və təhsilalanların hüquqlarını xeyli məhdudlaşdırır. Sürətlə dəyişən əmək bazarının tələblərinə uyğun olaraq yeni ixtisaslara yiyələnməyin, ixtisas artırmağın mühüm əhəmiyyət kəsb etdiyi bir zamanda belə bir absurd”prinsipin rəhbər tutulması nəinki gənclərin müasir tələblərə uyğun formalaşmasının qarşısnı alır, eyni zamanda ölkəmizin rəqabətə davamlılığı üçün ciddi problemlər yaradır. Ümid edirəm hökumət, Elm və Təhsil Nazirliyi distant formada alınan diplomların tanınması üçün daha ağlabatan bir yanaşma tətbiq edəcək”Məsələ ilə bağlı münasibət öyrəndiyimiz Təhsildə Keyfiyyət Təminatı Agentliyindən bildirilib ki, bəzi kütləvi informasiya vasitələrində, eləcə də bəzi xaricdə təhsil şirkətlərinin müvafiq elanlarında vətəndaşlarımız qiyabi və əyani təhsilalma formaları üzrə “onlayn” şəkildə müxtəlif xarici ölkələrin universitetlərində təhsil almağa təşviq olunur və sonda diplomların tanınacağı vədi verilir. Agentlik tərəfindən diplomların tanınması yalnız ənənəvi təlim metodlarına əsaslanan formal qaydada əyani və qiyabi təhsilalma formasında əldə olunmuş kvalifikasiyalara münasibətdə həyata keçirilir. Yaxın gələcəkdə bu qaydaların dəyişdirilməsi nəzərdə tutulmur.