Universitetlər klassik biznes dərslərindən rəqəmsal bacarıqlara keçir
Dünyanın aparıcı universitetləri biznes üzrə bakalavr proqramlarında ciddi dəyişikliklərə start veriblər. Məqsəd – yeni nəsil menecerləri süni intellekt, dayanıqlı inkişaf və qlobal əmək bazarı üçün hazırlamaqdır.
AzEdu.az xarici mənbədən aldığı məlumata əsasən xəbər verir ki, Hindistanın Times of India qəzetinin yazdığına görə, Şimali Amerika, Avropa, Asiya və Afrika bölgələrindəki ali təhsil müəssisələri artıq klassik mühasibat və marketinq modullarını AI (süni intellekt), ESG (ekoloji, sosial və idarəetmə) və beynəlxalq əməkdaşlıq yönümlü dərslərlə əvəzləyirlər.
Ekspertlər bildirir ki, iş dünyasında transformasiya o qədər sürətlidir ki, tələbələrin real bacarıqlarla silahlanması zəruri hala gəlib. Bu səbəbdən universitetlər praktik layihələr, beynəlxalq simulyasiyalar və texnoloji əsaslı təlim modelləri tətbiq etməyə başlayıblar.
Proqram rəhbərlərinin sözlərinə görə, bu dəyişiklik təkcə kurikulumu yox, həm də tədris metodikasını və müəllim heyətinin hazırlıq səviyyəsini yenidən düşünməyi tələb edir.