Bir çox valideynlər övladlarının keyfiyyətli təhsil almasını istəyir. Elə buna görə də, özəl məktəblərə üz tutur. Bir çox hallarda isə özəl məktəblərin qiymətləri valieynlərin cilərinə uyğun olmur. Özəl məktəblərdə illik ödəniş 3500 manatdır. Bu ölkədəki özəl məktəblər arasında minumum təhsil haqqıdır. Maksimum ödəniş isə bu ildən 43 min manat təşkil edir. Belə olan halda maraqlı sual ortaya çıxır. Özəl məktəblərdə təhsil alan şagirdlərlə ümumtəhsil məktəblərində oxuyanlar arasında nə kimi fərq olur?Bu barədə "
tehsil.media"a danışan təhsil eksperti Rəşad Qardaşov bildirir ki, təhsil sistemləri arasında bariz fərq dil öyrətməkdirsə, həmin dili kurslarda da öyrənmək mümkündür: "Məhz buna görə uşaqları illiyi bu qədər yüksək olan özəl məktəbə qoymağa ehtiyac yoxdur".
Təbii olaraq yaranan suallardan biri də odur ki, bu qiymətlər hansı meyarlara əsasən müəyyən edilir. Özəl məktəbin direktor müavini Sevinc Kazımova bildirir ki, həmin məbləğ burada işləyən peşəkar müəllimlər, geyim formaları, şagirdlərin yeməyi üçün xərclənir. Bu məktəblərdə hər şagirdə fərdi yanaşma mövcuddur. Hətta universitetə qəbul olduqları zaman ixtisas seçimlərində köməklik edilir.
Apardığımız sorğuya əsasən deyə bilərik ki, hər 3 valideyndən 2-si övladının özəl məktəbdə təhsil almasını istəyir. Deməli üzərinə əsas yük düşən dövlət məktəbləri özəl məktəblərlə rəqabətdə geri qalır.
Milli Məclisin deputatı Hikmət Məmmədov bildirir ki, dövlət məktəbləri daha sərfəli qiymətlərlə və yaxud ödənişsiz elə tədris sistemi qurmalıdır ki, rəqabətə davamlı olsun. Dünyanın hər yerində özəl təhsil müəssisələri olsa da, daha çox dövlət məktəbləri fəaliyyət göstərir.Dövlət məktəblərində keyfiyyətli təhsil təmin olunmalıdır. Özəl məktəblərin qiyməti də özəl sahibkarlıq subyekti olduqlarına görə öz səlahiyyətindədir.