Stajkeçmə və kadrların təkmilləşdirilməsinin məqsəd və vəzifələri
4.1.1. Stajkeçmə və kadrların təkmilləşdirilməsi elmi-pedaqoji, pedaqoji, mühəndis-müəllim kadrları, sənaye, tikinti, iqtisadiyyat, tibb, kənd təsərrüfatı, bütün növ istehsal sahələri və s. kateqoriyadan olan kadrlar üçün əlavə təhsil növüdür.
4.1.2. Stajkeçmə və kadrların təkmilləşdirilməsi təhsili peşəkarlıq səviyyəsinin və əməyin keyfiyyətinin yüksəldilməsi məqsədi daşıyır, kadrların peşə bacarıqlarının formalaşdırılması və inkişaf etdirilməsinə, nəzəri biliklərin təcrübə ilə əlaqələndirilməsinə, daha müasir peşə bacarıq və vərdişlərinin qazanılmasına, yeni texnologiyalar və innovasiyalar sisteminin tətbiqi üzrə təcrübə əldə edilməsinə xidmət edir.
4.1.3. Stajkeçmə və kadrların təkmilləşdirilməsi prosesində xüsusi ayrılmış müəssisələrdə yüksəkixtisaslı mütəxəssislərin rəhbərliyi altında əvvəlcədən nəzərdə tutulmuş problem üzrə yeni texnologiyaların, innovasiyaların öyrədilməsi həyata keçirilir.
4.1.4. Stajkeçmə və kadrların təkmilləşdirilməsi təhsili şəbəkəsinə ölkədə və xaricdə olan müxtəlif tip ali təhsil müəssisələri, baza kafedraları, müvafiq ixtisasartırma müəssisələri və fakültələri, ixtisas profilinə uyğun elm, təhsil və istehsalat müəssisələri, təcrübə-sınaq stansiyaları, dayaq məntəqələri və s. aiddir.
4.1.5. Əlavə təhsil müəssisələrində kadrların ixtisasının artırılması üçün nəzərdə tutulan təhsil tədbirlərinə — stajkeçməyə dair ayrıca blok da əlavə oluna bilər.
4.1.6. Stajkeçmə və kadrların təkmilləşdirilməsi zamanı mütəxəssisin ixtisas sahələri üzrə nəzəri bilikləri əsas götürülür.
4.2. Stajkeçmə və kadrların təkmilləşdirilməsinin məzmunu və formaları
4.2.1. Stajkeçmə və kadrların təkmilləşdirilməsi zamanı aşağıdakılar nəzərə alınır:
müvafiq ixtisas üzrə nəzəri və təcrübi hazırlıq;
nəzərdə tutulmuş problem üzrə yeniliklərin, müasir yanaşmaların əhəmiyyəti;
mövzular üzrə diskussiyaların, məsləhət saatlarının təşkili;
konfranslarda, müzakirələrdə, müşavirələrdə, işgüzar görüşlərdə, seminarlarda iştirak etmək;
stajkeçmə və kadrların təkmilləşdirilməsinin nəticələri barədə hesabatın hazırlanması.
4.2.2. Stajkeçmə və kadrların təkmilləşdirilməsi aşağıdakı proses və ya tədbirləri özündə birləşdirir:
hər hansı sahə üzrə yeniliklərlə operativ tanışlıq və öz həmkarları ilə təcrübə mübadiləsini;
distant (məsafədən) ötürmə üsulu ilə yeni materialların əldə edilməsi, onların yayılması və bu istiqamətdə fikir mübadilələrinin aparılmasını;
aktual mövzuların dinlənilməsi üçün sahə üzrə qabaqcıl mütəxəssislərin dəvət olunması, problem mövzular ətrafında müzakirələrin təşkili və nəticələrin təhlilini;
kadr hazırlığı, ixtisasartırma təhsilində tətbiq olunacaq modulların, eləcə də yeni təlim materiallarının müzakirəsində iştirak edilməsi və nəticələr barədə əsaslandırılmış təkliflərin verilməsini.
4.3. Stajkeçmə və kadrların təkmilləşdirilməsi işinin təşkili
4.3.1. Stajkeçmə və kadrların təkmilləşdirilməsi işinin təşkili sifariş əsasında stajkeçənin və ya təkmilləşdirilənin işlədiyi müəssisənin təqdimatı ilə həyata keçirilir.
4.3.2. Verilən təqdimat əsasında stajkeçmə və kadrların təkmilləşdirilməsini təşkil edəcək müəssisə ilə razılaşdırılmış cədvəl hazırlanır.
4.3.3. Stajkeçmə və kadrların təkmilləşdirilməsini həyata keçirmək üçün bu işi həyata keçirən müəssisə tərəfindən təcrübəli və səriştəli əməkdaşlar rəhbər təyin edilirlər.
4.3.4. Stajkeçmə və kadrların təkmilləşdirilməsi dövründə rəhbərin hüquq və vəzifələri aşağıdakılardır:
stajkeçmənin vaxtını, yerini və formasını müəyyən etmək;
stajkeçmə və kadrların təkmilləşdirilməsi işini koordinasiya etmək və stajkeçənlə birlikdə görüləcək işlərin planını tərtib etmək;
əvvəlcədən və stajkeçmə dövründə planın yerinə yetirilməsində stajkeçənə məsləhətlər vermək və köməklik göstərmək.
4.3.5. Stajkeçənin hüquq və vəzifələri aşağıdakılardır:
müəssisənin daxili nizam-intizam qaydalarına riayət etmək;
nəzərdə tutulan bütün tədbirlərdə fəal iştirak etmək;
innovasiya metodlarını, təlim texnologiyalarını fəal və çevik şəkildə mənimsəmək;
nəzərdə tutulan müddətin sonunda fərdi plana uyğun olaraq yazılı hesabat təqdim etmək.
4.3.6. Müxtəlif sahələrdə çalışan kadrların stajkeçmə və təkmilləşdirilmə yolu ilə peşəkarlıq səviyyəsinin artırılmasında seminar, treninq və digərləri ilə yanaşı, dayaq məntəqələri mexanizmindən də istifadə edilə bilər.
4.3.7. İxtisasartırma dövründə stajkeçmə və kadrların təkmilləşdirilməsinin müddəti əlavə təhsilin tədris-tematik planı və digər amillərlə müəyyən olunur.
4.4. Stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə müvafiq təhsil sənədlərinin verilməsi
4.4.1. Stajkeçmə və təkmilləşmənin sonunda stajkeçənə və təkmilləşdirilənə əlavə təhsil müəssisəsinin müəyyən etdiyi vahid formada sənəd — stajkeçənə sertifikat, təkmilləşdirilənə arayış verilir.
4.4.2. Stajkeçmə və təkmilləşmə tədbirlərini başa vuranlara təqdim olunan sənəd bu tədbirlərin keçirildiyi müəssisə rəhbəri tərəfindən imzalanır, möhürlə təsdiq olunur.