Ali təhsil xidmətlərinin ixracı yaxşı iqtisadi potensiala malikdir. İnkişaf etmiş ölkələr bundan böyük iqtisadi mənfəət əldə edirlər.
Qlobal ali təhsil bazarının maliyyə tutumu bu gün 150 milyard dollar civarındadır. Bütün dünya üzrə 5 milyon tələbə xarici ölkələrdə təhsil alır.
ABŞ-da 1 milyondan çox əcnəbi tələbə təhsil alır. Amerika təhsil ixracından ildə 50 milyard dollar qazanır.
Ali təhsil ixracına görə dünyada 2-ci yeri Böyük Britaniya universitetləri turur. Bu ölkədə 500 min əcnəbi tələbə təhsil alır. Onlar mühəndislik, biznes, texnologiya, sosial elmlər, dizayn, hüquq ixtisaslarına üstünlük verirlər.
Avstraliyada 400 min əcnəbi tələbə təhsil alır.
Xaricdə ali təhsil alan tələbələrin 25%-i Çin, Hindistan və Cənubi Koreyanın gəncləridir.
Rusiya bu bazarın 2%-nə nəzarət edir.
Tələbələr və valideynlər ali təhsil almaq üçün əcnəbi universitet seçərkən onun reytinq cədvəlindəki mövqeyini nəzərə alırlar.Əcnəbi tələbələrin cəlb edilməsi faizinə görə bizim ali təhsil müəssisələrimiz çox zəif görünürlər. Bizim ali təhsil müəssisələrimizi nəinki əcnəbi tələbələr, heç yerli tələbələr və işəgötürənlər də bəyənmirlər. Biz ali təhsil islahatlarını keyfiyyətli apara bilsəydik, universitetlərimizin heç olmasa10% -i Boloniya prosesi tələblərinə cavab verə bilsəydi, milli universitetlərimiz qlobal reytinqlərdə nisbi irəliləyiş edə bilərdilər.
Bunun üçün isə Elm və Təhsil Nazirliyində və universitetlərimizdə son 20 ildə sağlam maliyyə və kadr siyasəti yürüdülməli idi. Təəssüf ki, milli təhsil sistemində olan durğunluq hələ də davam edir.
Son illər ali təhsil sistemindəki proseslərin müşahidəsi göstərir ki, bu sahədə aparılan işlər sistemli xarakter daşımır, heç bir elmi bazaya əsaslanmır, icrası qeyri-peşəkar səviyyədə olur. Ölkə üzrə nisbi olaraq 3-4 ali təhsil müəssisəsində yeniliklərə təşəbbüslərin olduğunu görürük.
Qlobal səviyyədə universitetlər arasında olan, getdikcə artan ciddi rəqabət milli universitetlərimizə bu sahədə heç bir perspektiv vəd etmir.
Bakıvaxtı.az