MƏNA ƏLAQƏLƏRİNƏ GÖRƏ MƏTNİN STRUKTUR NÖVLƏRİ
Məna əlaqələrinə görə mətnin strukturu – mətndə verilmiş fikir və informasiyaların bir-biri ilə əlaqəsi və mətnin tərkib hissələrində onların paylanması sistemidir. Mətnin strukturu ideyalar arasında məntiqi əlaqəni, həmçinin mətn vahidlərinin öz aralarındaasılılığını müəyyənləşdirir. Məna əlaqələrinə görə mətnin strukturunu bilməyin əhəmiyyəti Yaxşı strukturlaşdırılmış mətn verilmiş informasiyanın yadda saxlanmasına təsir göstərir. Strukturu qavrayan oxucu oxu zamanı mətni asan yadda qalan məna vahidlərinə ayırmaqla verilmiş məlumatları qruplaşdırır. Bunun əksinə olaraq, əgər mətnin strukturunu anlamaq çətindirsə, oxucu məlumatları pərakəndə qəbul edir və elə də yadda saxlayır. Düzgün qurulmuş mətn təkcə əldə edilən biliklərin miqdarına deyil, həm də məzmununa təsir göstərir. Yaxşı strukturlaşdırılmış mətn əsas fikirləri ikinci dərəcəli detallardan daha asan və dəqiq ayırmağa kömək edir; zəif strukturlaşdırılmış mətnləri oxuyanlar daha çox ikinci dərəcəli detalları yadda saxlamaq və əsas fikirdən yayınmaq vərdişi qazanırlar. Strukturu düzgün olmayan məlumatlandırıcı mətnlər isə oxucudan daha çox zaman və diqqət tələb edir, çünki əsas ideyaların, informasiyaların müəyyən edilməsi üçün məzmunu deşifrə etmək lazım gəlir. Şagirdlərə təqdim edilən mətnlərin strukturunun düzgünlüyü onların yazı bacarıqlarına təsir göstərdiyi üçün oxu təlimlərində düzgün strukturlu mətnlərin seçilməsi əhəmiyyətlidir.
Struktur növləri
Məlumatlandırıcı mətn strukturunun beş növü müəyyən edilmişdir: təsvir, ardıcıllıq, problem-həlletmə, müqayisə/ziddiyyət və səbəb-nəticə.
Mətnin strukturunun analizi. Mətnin strukturunu analiz etmək üçün üç klassik təsvir səviyyəsi var:
1. Cümlə və mikrocümlə səviyyəsində: mətnin ən kiçik səviyyəsində məsələnin həlli. Bu səviyyədə struktur dedikdə mətn daxilində cümlələrin təşkili - hər bir yeni cümlə və ya informasiya elementinin özündən əvvəlkilərlə əlaqəsi nəzərdə tutulur. Mürəkkəb cümlələrin tərkibləri arasındakı məna əlaqələri də bu səviyyəyə daxildir.
2. Abzas və ya makrocümlə səviyyəsində: abzasda təqdim edilmiş fikirlər (cümlələr kompleksi) arasında əlaqədən söhbət gedir.
3. Yüksək səviyyəli struktur: bütöv mətnin tərtibatını əhatə edir. Mətnin yüksək səviyyədə strukturu onun tərtibatının ümumi prinsiplərinə cavab verir və təqdim edilmiş informasiyanın dərk edilməsinə, yadda saxlanmasına əhəmiyyətli dərəcədə təsir göstərir.
Yüksək səviyyəli strukturun təhlili mətnin tərtibatına daxil struktur modellərini (təsvir, ardıcıllıq, problem-həlletmə, müqayisə/ziddiyyət, səbəb-nəticə), həmçinin çoxsaylı strukturları birləşdirən mətnləri müəyyən etməyə imkan verir və bununla da şagirdlərin daha mürəkkəb strukturlu mətn qurmaq bacarıqlarını formalaşdırır. Mətnin struktur növləri ilə hərtərəfli tanışlıq və sinifdə mətn stukturunun analizinin səviyyələri üzrə fəaliyyətlər aparmaq şagirdlərin oxuyub-anlama vərdişlərini inkişaf
etdirməklə yanaşı nitq və mətn qurmaq bacarıqlarını formalaşdırır.
MƏTN QURMAQ STRATEGİYASININ ALQORİTMİ
Azərbaycan dili fənninin tədrisində şagirdləri məna əlaqəsinə görə mətnin struktur növləri anlayışı və mövzu ilə ümumi tanış etdikdən sonra hər bir struktur növünün ayrıca tədrisi tələb olunur. Bunun üçün müəllimlər aşağıdakı təlim alqoritmindən istifadə edə bilərlər.
Strategiya yaradın və tətbiq edin
Dərsdə mətn qurmaq strategiyasını yaratmaq üçün zəruri addımlar aşağıdakılardır:
Oxunun məqsədini müəyyənləşdirin və oxunacaq mətni şagirdlərə təqdim edin.
Anlayışı təqdim edin: Mətnlərin struktur adlanan tərtibat qəliblərinə malik olmasını izah edin.
Mətnin struktur növləri haqqında məlumat verin:
Təsvir. Predmetin canlı, hərtərəfli inikasını yaratmaq üçün nəzərdə tutulmuş mətn strukturudur. Belə mətnlərdə predmetin cizgilərini, xüsusiyyətlərini, keyfiyyətlərini və s. əks etdirmək üçün təsviri dildən istifadə olunur.
Ardıcıllıq. Ardıcıl mətn strukturundan istifadə etməyin iki yolu var: prosedurda fəaliyyət ardıcıllığını, hadisələrin xronoloji ardıcıllığını çatdırmaq.
Prosedur məlumatlarının ardıcıl strukturu yemək bişirmə təlimatlarından tutmuş elmi metodlara qədər tədris vəsaitlərində geniş yayılmışdır. Xronoloji ardıcıllıq isə tarixi elmi-kütləvi əsərlərdə istifadə olunan ümumi strukturdur.
Müqayisə/ziddiyyət.
Müəlliflər bəzən iki və daha artıq predmet arasında oxşar və fərqli xüsusiyyətləri müəyyənləşdirməli olurlar. Müqayisə/ziddiyyət quruluşunda mətnlər
onlara məhz bu imkanı yaradır. Müqayisə müxtəlif obyektlər arasında aparıla bilər: insan, məkan, hadisə, vəziyyət, fikir və ya konsepsiya, Bədii mətnlərdə də bu strukturdan geniş istifadə olunur.
Səbəb-nəticə. Əsasən, hadisə, fəaliyyət, fikirlər arasında səbəb-nəticə əlaqələrini göstərmək və onların korrelyasiyasını izah etmək üçün bu strukturdan istifadə olunur.
Struktur tədris vəsaitlərində olduğu kimi, tarixi ədəbiyyatda da geniş istifadə olunur. Problem-həlletmə. Göstərilmiş probelmin həllini təqdim etmək məqsədilə problem-həlletmə quruluşunda mətn yazılır. Strukturun təyinatı problemin səbəblərinin, qaldırılmasının vacibliyini və təklif edilən həll yollarının effektivliyini əsaslandırmaqdır. Bu tərtibat daha çox ictimai-siyasi ədəbiyyat, çıxışlar, həmçinin biznes, texnologiya sahələrinin ədəbiyyatı üçün xasdır.
Bədii əsərlərin strukturu süjet anlayışı ilə müəyyənləşdirilsə də, belə mətnlərin məzmun və strukturunun təhlilində də məna əlaqələrinin izahı əhəmiyyətlidir. Təsvir bədii ədəbiyyatda obrazların inikasıdır. Epik və drammatik əsərlərdə də xronoloji ardıcıllıqdan istifadə olunur, buna nağıl xronologiyası da deyilir. Süjetli bədii mətnlərdə eyni zamanda səbəb-nəticə əlaqələri müşahidə edilə bilər. Epik və dramatik əsərlərdə isə problemhəlletmə süjetin əsasını təşkil edir.