XXI əsr bizə nə deyir?
Bu gün ümumbəşəri dəyərlərin prioritet olması (latınca prioritet birinci, böyük deməkdir, üstün haqq olması) ideyası yeni siyasi düşüncənin əsas özəyini təşkil edir. Yeni hər zaman cəlbedicidir və mübahisəlidir. Bu yeni düşüncədə milli, regional, qlobal düşmənçilikdən və konfrontasiyadan uzaq olmaq tərənnüm edilir. İnlanlar dialoqa, kompromisə və əməkdaşlığa səslənir. Yeni dünya nizamı qurmaq üçün bəşəriyyətə bir qlobal çağırış edilir. Çağırış zamanın səsidir, bu səsə səs verən də olur, verməyən də. Amma tarixin də öz sosial qanunları var. Sosiallıqda müxtəliflik və ziddiyyətlər qaçılmazdır. Bu mənada ümumbəşəri dəyərlərə yanaşma tendensiyaları da müxtəlifdir.
Bəziləri iddia edirlər ki, sosial kataklizmlər arasında ümumbəşəri dəyərlər nə edə bilər ki? Onlara görə onsuz da siyasətdə destruktiv proseslər, mənəvi dəyərlətin devalvasiyası, sosial təşkilatlanmadakı dezinteqrasiya və s. cəmiyyətlərdə böhranlar yaradır. Belə ümidsiz yanaşmalar isə fobiyalar yaradır, milli-etnik assimilyasiya riski önə çıxır. Onda nə etməli? Ümumbəşəri dəyərlərdən imtina edib yalnız konkret dəyərlərimi ön olana çəkmək gərəkdir? Bu isə əslində qlokal təcridçilikdir və mümkünsüzdür. Hər zamanın cəmiyyətləri daha sivil cəmiyyət arzusu ilə münasibətlər sistemi qurmağa məsuldur. Bu məsuliyyət isə zamanın zərurətidir. ”Zərurət ixtiranın anasıdır” Bu sözlər qədim dünyanın ən fenomenal dühalarından biri olan Platona (e.ə. 428- 347) məxsusdur. Zəruri olan zamanında edilməlidir.
Hazırda XXI əsrin əvvəli Yeni dünya nizamı siyasəti ilə getməkdədir. Bunun öz təzadları var. Mənfi və müsbət cəhətləri var. Hazırda bütün dünyada xarakterik olan cəhətlərdən biri də qloballaşmadır. Biz dayanmadan qloballaşmadan bəhs edirik. Bu dövrdə həqiqətən də dünya ölkələri ilə əlaqələrdən qaça bilməmək mövcud gerçəklikdir. İqtisadiyyat, maliyyə, kommunikasiya qloballaşır. Dünya ekologiya, mütəşəkkil cinayətkarlıq sahələrində qlobal miqyas alan problemlərlə üzləşir, qlobal epidemiyalarla mübarizə aparır. Bu olanlar isə inteqrativ əlaqələr olmadan mümkün deyil. Demək ki, inteqrasiya və transformasiya müasir zamanda çox qaçılmazdır.Bizdə çatışmayan əsas cəhət demokratiyanın qloballaşması, onun beynəlxalq münasibətlərdə genişlənməsidir. Buna nail olmağın ən yaxşı üsulu mədəni müxtəlifliyin dəstəklənməsidir ki, biz bunu multikulturalizm adlandırırıq. Bu dəstək isə inteqrativ formada transformasiya olanda çox effektli olur. Yəni bütün dünya xalqları ən yaxşı halda beynəlxalq inteqrasiya və transformasiya ilə əlaqələrini təşkil etsələr daha nəticələnmiş olur. Tarixin bütün dövrlərində müxtəlif xalqların bir-birinin milli-mənəvi dəyərlərinə qiymət verməsi, paylaşması və hətta vandalistcəsinə məhv etməsi faktları olmuşdur. Yenə də belə zamanlarda insanlar bir ümid yeri arayaraq, dövrün düşüncə insanlarından yol götürmüşlər. Ağır zaman hadisələrinə qarşı dirənə bilmişlər.
Bu gün demokratik cəmiyyətlərdə multikulturalizm ideologiya, siyasət və qlobal yanaşma kimi səciyyələnir. Multikulturalizm fenomenal və möhtəşəm bir yanaşmadır. O bir posmodernist haray və qlobal haraydır. Yəni multikulturalizm postmodern dövrünün əsas tələbidir deyə bilərik. Buna qədər isə modernizm nədir sualına cavab verək. Modernizm sənətdə sələflərin rədd edilməsi, tarixən qurulmuş ideyaların, ənənəvi ideyaların, formaların, janrların məhv edilməsi və yeni yolların axtarışı ilə xarakterizə olunan bir cərəyandır. Məqsədi yeni zamandakı reallığı dərk etmək və əks etdirməkdir. Bir sözlə keçmişin üstündən xətt çəkməklə müasirliyi təbliğ etmək qarşıda qoyulur. Modernizm dəyişilmə ilə yenilənməyə yönəlmiş bir axındır. İdeoloji baxımdan modernizm, dinə və ya milli adətlərə bağlanaraq yeniliyi qəbul etməkdən imtina edən toplumlara qarşı çıxış edir. Buna görə də modernizmdə fərdçilik (individualizm) adətlərə üstün gəlir. Modernist insan hər zaman yeniliyə yönəlir, onu mənimsəyir.
Modernizm 20-ci əsrin Qərbi Avropa mədəniyyətində müxtəlif sənət formalarında özünü göstərən əsas cərəyan idi. 20-ci əsrin ikinci yarısında ardıcıl tənqidlərə məruz qaldı və başqa bədii anlayışlarla sıxışdırıldı. Xüsusilə postmodernizm ideologiyası və fəlsəfəsi onu əvəz etdi. Bir vaxtlar modernizm klassik, akademik dəyərləri inkar edib yeni bədii formalar yaratdığı kimi, postmodernizm də modernizmi inkar edərək ədəbiyyatda xaos, elementlər müxtəlifliyi yaradır. Postmodernizm hər kəs tərəfindən qəbul edilmiş milli-mənəvi (həmçinin beynəlmiləl) dəyərləri rədd edir. Postmodernizmdə həqiqət ünsüründən daha çox xəyalpərəstlik ön plandadır. Postmodernizm üçün bütövlüyün inkarı, xaotikliyin, müxtəlifliyin təzahürü xarakterikdir. Vərdiş edilmiş həqiqətlə mücərrəd həqiqət iç-içə verilir.
Postmodernizm — XX yüzilliyin ikinci yarısında fəlsəfədə, incəsənətdə, ədəbiyyatda bütün formaları, qaydaları, ehkamları inkar edən, onları sintetik və qarışıq şəkildə və sərbəst, müstəqil təqdim edən cərəyandır. Müasir dünyada informasiya texnologiyaların inkişafı nəticəsində daha da inkişaf etmişdir və dünyanın aparıcı cərəyanına çevirilmişdir.Görkəmli yazıçı Umberto Eko “Qızılgülün adı” əsərinin səhifələrindəki qeydlərdə yazır ki, hər bir epoxanın öz postmodernizmi var. Hər bir dövr, məsələn realizm, romantizm, simvolizm və başqaları inkişaf edib, çiçəklənmə dövrü yaşadıqdan sonra böhranın astanasında dayanır. Xaosla, qarışıqlıqla müşayiət olunan həmin tənəzzül dövrü elə postmodernizmdir. Lakin müstəqil cərəyan kimi postmodernizm yalnız XX əsrin ortalarında təşəkkül tapdı.
Postmodernizmdə bütün sərhədlər ortadan qaldırılır, elmlər, incəsənətin ayrı-ayrı sahələri bir-birinə qarışır, sinkretik anlayışlar yaranır. Var olan heç bir şeyin mahiyyəti önəm daşımır, həyatdakı bütün nəsnələrin dərinliklərinə varılmadan mənimsənilir. Gerçəklik olduğu kimi qəbul edilir. Ciddilikdən uzaqlaşma meylləri meydana çıxır. Həyata kinayə ilə baxış, həqiqət aramağın mənasız olduğu, ümumiyyətlə, həqiqət anlayışının olmadığı, mütləqliyin aradan qalxdığı, dünyada insana nə lazımdırsa, onu da götürməsi prinsipi ortalığa çıxır. Postmodernizm bütün təbəqələrə ünvanlansa da, onu hər kəs qavraya bilmir. Postmodernimzdə intellektuallıq olduqca vacib amildir.
“Postmodernizm” dövri mətbuatın humanitar istiqamətlərində ən çox işlədilən termindir. Hal-hazırda postmodernizm fenomeni fəlsəfi maraqların mərkəzindədir. Çünki postmodernizm müasir mədəniyyətə səciyyəvi olan mücərrəd mühakimə növünü ifadə edir. “Özgə”ni sadəcə “başqa”sına çevirən müasir yanaşma konteksti hər bir mədəni vahidin ictimai yaşama mühitinin mental sərhədlərinə hörməti nəzərdə tutur. Postmodern dövrü multikulturalizmin məna yükünü, onu yalnız etnik müxtəlifliklə deyil, həm də müxtəlif həyat tərzləri, istiqamət və mədəni təmayüllərin müxtəlifliyi ilə zənginləşdirərək genişləndirilir.
XX əsrin sonu, XXI əsrin əvvəllərində ,,Mədəniyyətlərin qarşıdurması və ya toqquşması” ideyası yeni konsepsiya-ssenarilərdən biri idi. Bu istiqamətin təməlində F.Fukuyamanın “Tarixin sonu” əsərinin durmasını söyləyən tədqiqatçılar da çoxdur. Məlum olduğu kimi, Frensis Fukuyama özünün “Tarixin sonu” əsərində bəşəriyyətin siyasi tarixinin sona çatması, bütün xalqların gec-tez Qərbin siyasi (liberalizm və demokratiya) inkişaf modelini qəbul edəcəyi, belə demək mümkünsə, “qərbləşəcəyi” proqnozunu irəli sürdü. İnkişafın başqa yolunun olmaması və bütün dünya üçün yalnız bu yolun məqbul sayılması, bütün dünyada eyni anlam və yaşam tərzinin bərqərar olacağı və s. kimi fikirlər “Tarixin sonu” əsərinin əsas xəttini təşkil edirdi. Bir sözlə birqütblü dünyanın yaranacağı proqnozu ilə bu könsepsiya yarandı. XX əsrin sonu – XXI əsrin başlanğıcı dünya ictimaiyyətinin qloballaşma problemlərinə xüsusi marağı ilə səciyyələnir. Hazırda mədəniyyət sivilizasiyaları, dini sivilizasiyalar, lokal sivilizasiyalardan qlobal sivilizasiyaya getmək məhz bəşəriyyətin gələcək taleyini düşünmək üçündür. Ortaya bir həıqiqi görüntü çıxır. Dünya bizim ətrafımızda fırlanır, inkişafdan qalmış Şərq və mütərəqqi Qərb var. Qloballaşma prosesi, milli-mədəni identikliyin yüksəlməsi ilə müşayiət olunarsa bu mütərəqqi olar. Əgər bəşəriyyət qloballaşmanı Qərb hegemonizminə çevirmək istəmirsə, ona mütləq mədəni müxtəliflik və onun dünyaya inteqrasiyası və transformasiyası baxımından yanaşmalı olacaqdır.
Qloballaşma olduqca yeni bir termindir, siyasət, iş dünyası və mediyada çox istifadə olunur. Qloballaşma dünyada iqtisadi bir reallıq olaraq bilinir. Bu fakt böyük şirkətlərin, sərmayə fondlarının, dünya ticarətinin oynadığı rolda özünü göstərir. İqtisadi güclər qloballaşmanın ayrılmaz bir parçası olsa da, onların qloballaşmanı təkbaşına formalaşdırdığını deyə bilmərik. Çünki qloballaşma siyasi, mədəni və iqtisadi faktorların bir araya gəlməsi ilə yaranmışdır.
Qloballaşma qaydası qlobus sözündən istifadə edərək dünyanın qloballaşdığını ifadə edən bir sosial termindir. Bu anlayışın içində dünyaya, yer kürəsinə açılış vardır. Bu mənada qloballaşma məhəlli olmağın antonimidir. İqtisadi anlayış və tətbiqlərdə qlobal əlaqələr daha diqqətə çarpacaq şəkildə meydana çıxır. Müxtəlif milli şirkətlərin birləşərək beynəlxalq güc halına gəlmələri qlobal iqtisadi məntiqin nəticəsidir.
Fərdin qloballaşması müasir bilik və bacarığa sahib olması öz xaricindəki insanlarla rəqabət edəbiləcək səviyyəyə gəlməsidir. Bunun üçün də onun dövrə uyğun təhsil görməsi, peşə sahibi olması, ana dilindən əlavə xarici dil bilməsi və s. üstünlüklərə ehtiyacı vardır. Belə ki, qloballaşma fərdiləşmə və ictimailəşmə poseslərinin üzərində inkişaf edir. Yəni insanların qloballaşmaya uğurla qoşulması onların ancaq sağlam ictimailəşmə və fərdiləşmə prosesləri keçirmələri ilə mümkün ola bilər.Qloballaşma XX əsrin 80-ci illərində meydana gəlmiş anlayışdır. Bu sistemin yaradıcıları hesab edirlər ki, qloballaşma sayəsində yer üzündə sosial və mədəni sistemlərin coğrafi sərhədləri silinir. Qloballaşma dedikdə planetin hər tərəfinə qərb inkişaf modelinin yayılması başa düşülür. Yəni faktiki olaraq bir polyuslu dünya qaydasının nəzəri cəhətdən əsaslandırılması kimi nəzərdə tutuıur. Burada Qərb modeli nümunəvi model kimi verilir. Bu proses ümumbəşəri olduğu üçün gec-tez bütün ölkələrə yayılmalıdır. Qlobalizm dünya bazarının siyasi fəaliyyəti sıxışdırması və dəyişdirməsidir. İnsanlara birgə fəaliyyət və qarşılıqlı anlaşma situasiyası verən bir yanaşmadır. Bu əslində dünya bazarının ağalığı ideologiyasıdır. Məqsədi siyasətlə iqtisadiyyatın arasındakı fərqləri aradan qaldırmaqdır. Qloballaşma dedikdə bizim dünya cəmiyyətində yaşamımız başa düşülür. Artıq bu prosesin qarşısını almaq olmaz. Qloballaşma ümumdünya inteqrasiyasını irəli sürür.
Müasir dövrün əsas terminlərindən biri də ,,Davamlı inkişaf” terminidir. O da XX ə. 80- illərindən işlədilir. Davamlı inkişaf hazırkı dövrdə bütün tələbatları ödəməklə yanaşı gələcək nəsillərin də öz tələbatlarını ödəmək qabiliyyəti və istəyini də təhlükə altında qoymur. Bu inmkişaf planı BMT-nin Rio-92 konfransında qəbul edilmişdir. Bu sənəd XXI əsrdə dünya ölkələrinin iqtisadi, sosial-ekoloji aspektləri əhatə edən fəaliyyət proqramıdır. Davamlı inkişaf anlayışında tələbatlar və onların nizama salınması nəzərdə tutulur.
Davamlı inkişafın beş prinsipi vardır:
1.Bəşəriyyət tələbatları gözləməlidir.
2.Təbii resursların məhdudlaşdırılması.
3.Səfilliyə qarşı mübarizə.
4.Həyat tərzini dəyişmək.
5.Əhali artımı, artımın tempi, qlobal təhlükələr.
Qeyd etmək lazımdır ki, davamlı inkişaf bütün insanların bərabər səviyyədə ən zəruri təlabatlarının ödənilməsini tələb edir. Bəşəriyyət həqiqətən inkişafa davamlı və uzun müddət mövcud olmaq xarakteri verə bilər. Bununla da o hazırda mövcud olan nəslin təlabatlarına cavab verər və eyni zamanda gələcək nəsillərin öz təlabatlarını ödəmək imkanlarını qorunub saxlanıla bilər. Bütün insanların adi təlabatlarını ödəmək və hamının gələcək yaxşı həyata olan ümidininin reallaşdırılmasına şərait yaradılması zərurət olmalıdır. Bunsuz uzunmüddətli və davamlı inkişaf sadəcə olaraq qeyri – mümkündür. Hazırda dünya əhalisinin artım surəti və ona paralel olaraq istehsalın inkişaf tempi belə gedərsə, ətraf mühitin çirklənməsi və təbii ehtiyatların tükənməsi XXI əsrin ortalarında qlobal fəlakətə səbəb olacaqdır. Müasir zamanda dünya qarşısında 5 qlobal problemi nəzərdə tutmuşlar.
Sürətli sənayeləşmə;
Əhalinin sürətli artımı;
Aclıq və ərzaq çatışmamazlığının geniş yayılması;
Təbii ehtiyatların tükənməsi;
Məskunlaşma mühitinin pisləşməsi;
Yeni dünya nizamında sinergetika anlayışının xüsusi əhəmiyyəti var. XX ə. 70–ci illərində ortaya çıxan bu termin ( yunanca sunpergetikos, birgə razılaşdırılmış fəaliyyət mənasını verir) elmi tədqiqatların əsas istiqamətidir. Bu istiqamətin əsas vəzifəsi fiziki, bioloji, texniki, iqtisadi, sosial və s. sistemlərdə özünütəşkil prosesləri əsasında duran ümumi qanunauyğunluqların və prinsiplərin dərk edilməsidir. Sinergetika xaosdan nizama salmaya keçmək deməkdir. Sinergetika mürəkkəbliklər, müəyyən qaydanın xaos şəraitində necə yaranması və necə dağlıması haqqında elmdir. Sinergetikada əsas məsələ nədir. Bu proses tarazlıqdan uzaq vəziyyətdə, yəni əslində sanki bir xaotiklik kimi görünən şəraitdə özünütəşkil , yəni nizamasalma deməkdir. Qarışıq olan mürəkkəb qeyri-xətti dinamik (hərəkətli) sistemlərdə makroskopik qaydaya salınmış zaman–məkan strukturlarının yaranması prosesidir. Xaos təhlükəsindən qorxmadan cəsarətli bir yanaşmadır. Müasir mürəkkəb texnoloji proseslər zamanı baş verə biləcək xaotiklik bəzən qaçılmaz olur. Sinergetika müxtəliflik zəminində özünütəşkil prosesləri əsasında duran ümumi qanunauyğunluqların və prinsiplərin dərk edilməsidir. Yəni xaosdan nizama doğru yaradılış mənasını ifadə edir. Müxtəlif nizamları ardıcıl nəzərdən keçirir. Sinergetika ilə xaosdan nizam yaratmaq mümkün olur. Sinergetika müxtəlif nizamların ardıcıl qaydada nəzərdən keçirilməsidir. Yəni əslində birgə razılaşdırılmış iş fəaliyyətidir deyə bilərik. Məqsəd nizamlı olaraq sistemlər arası fəaliyyəti qaydaya salmaqdır. Bunun isə bəşəri və həyati əhəmiyyəti böyükdür.
Bu proses bir daha sübut edir ki, xüsusi böhran zamanlarında sistemin davranışı qeyri-sabit olur. Böhranlar baş verə bilər. Bu təbiidir. Bu onu göstərir ki, bu nöqtələrdə sistem ən əhəmiyyətsiz təsirlərin altında öz vəziyyətini köklü sürətdə, keyfiyyətcə dəyişə bilir. Böhranlardan çıxmaq üşün isə həmişə keçid nöqtələri olur. Bunlar inkişafın dialektik qanunauyğunluğudur. Bu keçid çox vaxt xaosdan nizamın yaradılması kimi səciyyələndirilir. Hal-hazırda sinirgetika öz əsas ideya və prinsiplərinin formalaşması dövrünü yaşayır. Lakin indinin özündə də məlum olur ki, sinergetika özünün keyfiyyətcə yeni dünya mənzərəsini irəli sürür. Bu təkcə klassik elmin əsasında duran dünya mənzərəsilə müqaisə olunmur , həm də XX əsrin I yarsında qeyri-klassik təbiətşunaslığın kvant –relyativist mənzərəsi kimi qəbul edilən reallıq ilə də müqayisə oluna bilər .
Bu mənada sinergetika gösrəticisi qeyri-klassikdir, müasirdir və fənlərarası elmi istiqamət olmaqla metodoloji göstərişlərdən imtina edir. Bununla bərabər sinergetika daxilən plüralistikdir, hətta onun nəzərdə tutduğu inteqral dünya obrazı kimi plüralistikdir. Sinergetika çoxsaylı və müxtəlif yanaşma formulirovkasını da özünə daxil edir. Onlardan biri də İ.Priqojinin adı ilə bağlıdır. Priqojinin yanaşması dissapativ struktur nəzəriyyəsi kimi məşhurdur. Digər yanaşma isə alman fiziki Q.Xakenin adı ilə bağlıdır və əslində “ sinergetika “ sözünü də ilk dəfə Xaken kəşf etmişdir. Priqojinin formulirovkasında sinergetikanın yaranması XX əsrin 2-ci yarsında elmi baxışda olan dəyişikliklərlə əlaqələndirilmişdir.
Sinergetika müxtəlif komponentləri nizamlayır. Davamlı struktur yaranmasına gətirib çıxarır. Qarşılıqlı mexanizmləri əlaqələndirərək özünütəşkildən yeni özünütəşkil konsepsiyası irəli sürür. Bu zaman obyektlər əvvəlcə özünü tam müstəqil aparır, aralarında hətta qarşılıqlı nizamlanma da hiss olunmur. Belə başlanğıc vəziyyət ,,xaos” və ya ,,nizamsızlıq” anlayışları ilə anlaşılır. Sonra kənardan müəyyən təsir nəticəsində obyektlər arasında qarşılıqlı fəaliyyət yaranır. Bu zaman nizamlılıq sistem daxilində ola da bilər, baş tutmaya da bilər. Nizamlanmış strukturlar yaradılması tədrici proses deyil və çətindir. Qəfil və sıçrayışlı prosesdir.
Sinergetikanın fəlsəfi mənası odur ki, o, cansız bioloji sistemlərdən canlı sistemlər yaranması proseslərinə yeni mövqedən baxmaq imkanı verir. Bunun sayəsində biz ulduzların, planetlərin, insan birliyinin həyatının necə yaranması sualına cavab tapırıq. Axtarışlar edirik. Sinergetika ,,xətti” təfəkkürdən elmin inkişafının yeni mərhələsinə müvafiq olan qeyri-xətti təfəkkürə keçməyə imkan verir. Müasirliyin yeni anlamda dərkinin əsaslarını göstərir. Sinergetika göstərdi ki, xaos təkcə dünya üçün dağıdıcı deyil, həm də məlum səbəblərdən müəyyən şərtlər altında konstruktiv ola bilir.
Prof. ŞÖHRƏT NAMAZOVA