Öyrənmə mühiti təhsildə çox mühüm aspektlərdəndir. Öyrənmə mühiti tədris və öyrənmənin bünövrəsini təşkil edən strukturlardandır. Əgər öyrənmə mühitini gözardı etsək şagirdlərin inkişafının zəiflədiyini və dərsin keyfiyyətinin azaldığnı müşahidə edəcəksiniz.
Öyrənmə mühiti üç əsas komponentdən - fiziki, sosial və emosional mühitdən ibarətdir. İstənilən yüksək keyfiyyətli tədris strategiyasının təsir göstərməsi üçün bu elementlər ahəngdar şəkildə mövcud olmalıdır.
Öyrənmə mühiti həmişəlik “qurulma mərhələsindədir”. O, şagirdlərinizin ehtiyaclarına əsasən daim yenilənməli və uyğunlaşdırılmalıdır.
Gəlin, öyrənmə mühitinin üç elementinin hər birinə növbə ilə baxaq:
Fiziki Mühit
Birincisi, məktəblər bütün şagirdlərin özlərini rahat və diqqətli hiss etmələrinə imkan verən fiziki mühit yaratmalıdır. Bu, işığın, səsin, havanın keyfiyyətinin, temperaturun və divar rənglərinin nəzərə alınması deməkdir. Məsələn, mümkün olduqda sinif otaqlarında yaxşı təbii işıq, keyfiyyətli elektrik işıqlandırma olmalıdır. İdeal olaraq, birbaşa günəş işığından parıltı olmamalıdır, pərdələr təsirli olmalıdır və lövhənin proyeksiyası asan görünməlidir. Unutmayaq ki, işçilərin və şagirdlərin hər iş gününün yüksək hissəsini keçirdiyi fiziki və sosial mühit onların fiziki, emosional və psixi sağlamlığına, eləcə də nailiyyətlərinə təsir göstərə bilər.
Sosial Mühit
Məktəblər şagirdlər üçün sosial cəhətdən faydalı mühit yaratmalıdır.Hər bir məktəb pis davranışı aradan qaldırmağa yönəlmiş həllərin mövcud olmasını təmin etmək üçün davranışa təsirli, yaxşı qurulmuş və hamı tərəfindən başa düşülən bütöv bir məktəb yanaşmasına malik olmalıdır. Məktəblər öyrənmə üçün əlverişli mühit yaratmaq istəyirsə, şagirdlərin akademik və sosial uğurunu aşağı salan, işçilərin və şagirdlərin özünə hörmətini zəiflədən hər hansı davranışı effektiv və səmərəli şəkildə həll etməlidir.
Emosional Mühit
Uşaqlar həm də emosional olaraq öyrənməyə hazır olduqlarını hiss etməlidirlər. Şagirdlərə müəyyən akademik bilikləri çatdırmaq, onlarda müxtəlif bilik və bacarıqlar formalaşdırmaq üçün öyrənməyə xas, müstəqil sevgi nümayiş etdirmələrinə şərait yaratmalıyıq. Bu zaman onların öyrənmə prossesinin hər addımdan həzz almağı və qiymətləndirməyi öyrətməliyik.
Sinifdə düzgün qurulmiş motivasiya uşaqlara davamlı, müstəqil öyrənənlər olmasına kömək edə bilər və onlar sinifdə qarşılaşacaqları hər hansı bir problemin öhdəsindən rahatlıqla gələ bilərlər. Məktəblər şagirdləri daxili və xarici olaraq ruhlandıran bütün məktəb strategiyalarını və üsullarını tətbiq edə bilər. Siz şagirdlərinizin ehtiyaclarını ödəmək üçün öz yanaşmanızı fərdiləşdirməli olacaqsınız. Bu öyrənmə mühitinin daha keyfiyyətli və məqsədyönlü olmasına səbəb olacaqdır.
Müsbət öyrənmə mühiti niyə vacibdir?
Müsbət və məqsədyönlü öyrənmə mühiti şagirdlərin öyrənməkdən həzz almasını və əməkdaşlığını artıra bilər. O, həmçinin tədris və öyrənməni zənginləşdirməyə və akademik performansı yaxşılaşdırmağa kömək edə bilər. Buna görə də, məktəblərin şagirdlərinə mümkün olan ən yaxşı öyrənmə mühitini təmin etmək üçün səy göstərmələri vacibdir.
Effektiv öyrənmə mühitləri şagirdlərin özlərini dəyərli, hörmətli hiss etmələrinə təkan verir və müxtəlif müsbət hisslər formalaşdıraraq güclü birgə öyrənmə atmosferinin yaranmasına səbəb olur. Həmyaşıdları və məktəbin işçi heyəti ilə münasibətlərin düzgün qurulması və davam etdirilməsi həm də uşağın bütöv məktəb hissinə töhfə verir. Bilirik ki, bu həm psixi sağlamlıq nəticələrini yaxşılaşdırmağa kömək edir, həm də ailə həyatı xoşagəlməz və ya qeyri-sabit olan uşaqlar üçün məktəbdə təhlükəsiz, birgə öyrənmə mühiti formalaşdıraraq əminlik hissini təmin edib inam, güvən kimi hisslərin yaranmasına əsas verir.
Müsbət Sinif Mühitinin Xüsusiyyətləri
Hansı sahədə fəaliyyət göstərməyinizdən asılı olmayaraq, öyrənmə mühitinin mümkün qədər müsbət və məqsədyönlü olmasını təmin etmək üçün bir neçə strategiyanı sizə təqdim edirik:
Sinifdə, hətta bütün siniflərdə güclü birlik hissi yaradın. Sinif otağına daxil olan şagirdləri salamlamaqla başlayın. Şagirdləri uğurlarına görə təqdir edin. Sizin müsbət təsdiqiniz uşağın eşitməsi lazım olan tək şey ola bilər.
Qarşılıqlı anlaşmaya əsaslanan güclü müəllim-şagird münasibətlərinin qurulması sizə siniflərinizin hörmətini qazanmağa, həmçinin əsas sosial bacarıqları nümayiş etdirməyə imkan verir. Biz bilirik ki, sinifdə müsbət münasibətlər yaxşı davranışı təşviq etmək və şagirdlərin rifahını artırmaq üçün vacibdir.
Sinif otağında pozitiv mühit yaratmaq üçün şagirdlərə diqqətlərinə görə təşəkkür etmək və dərs üçün həyəcanınızı bölüşməklə dərslərə başlayın. Eynilə, mümkün olduqca dərsləri müsbət şəkildə bitirməyi unutmayın.
Sosial bacarıqları gücləndirin və modelləşdirin. Məsələn, şagirdlərə müraciət edərkən sinif yoldaşlarının adlarından istifadə etmələrini və nitq etiketlərindən istifadə etməyin vacibliyini vurğulayın.
Uşaq özünü təhlükəsiz hiss etdikdə, öyrənmə ilə məşğul olmaq, emosiyalarını idarə etmək və lazım olduqda dəstək istəmək ehtimalı daha yüksəkdir.
Mövzuya olan həvəsiniz yüksək olsun. Unutmayın, həvəs yoluxucudur.
Müəllimlər təcrübə mədəniyyəti yaratmalıdırlar. Uşaqlar başa düşməlidirlər ki, səhv etmək öyrənmənin vacib hissəsidir. Yenidən işləmək və yenidən nəzərdən keçirmək tələbələrə anlayışlarını möhkəmləndirməyə imkan verir. Şagirdlər sizə nəyisə "bacarmıram" deyirsə, "hələ bacarmırsan" deyərək onu düzəldin. Bu inkişaf düşüncə tərzi ilkin şəraitdə xüsusilə vacibdir ki, gənclər özlərini istənilən çağırışa daha hazırlıqlı hiss etsinlər. Onların hər birinə ayrı-ayrılıqda əhəmiyyət verdiyinizi və onların uğurlarına sadiq olduğunuzu daim xatırladın.
Şagirdləriniz sizə fərqli ehtiyaclar, təcrübələr, hədəflər və bacarıq səviyyələri ilə gələcəklər. Kiçik bir addım və ya nəhəng bir sıçrayış etdiklərindən asılı olmayaraq, özləri ilə fəxr etməyə layiqdirlər.
Şagirdləriniz üçün yaratdığınız öyrənmə mühiti fərdi uşaqların ehtiyaclarına uyğunlaşdırılmalıdır. Ünsiyyət dəstəyi ehtiyacları və ya xüsusi təhsil ehtiyacları , inkluzivlik və s. cəhətdən şagirdləri həm fiziki, həm sosial, həm də emasional mühit olaraq nəzərə almaq, onların da fikilərini soruşmaq və onlara təhslükəsiz hiss etmələri üçün şərait yaratmaq lazımdır.
Uşağın öyrəndiyi fiziki, sosial və emosional mühit onların həm nailiyyətlərinə, həm də rifahına dərin təsir göstərə bilər. Buna görə də məktəblərin müsbət öyrənmə mühiti yaratmağa çalışması vacibdir. Bununla onlar hər bir tələbəsinin çiçəklənməsinə kömək edirlər.
Metodika üzrə təlimçi, pedaqoq Sevinc Məmmədova