Təhsilimizə yeni gələn inklüzivlik nə qədər xoş qarşılansa da, özü ilə az problem gətirmədi. Hazırlana bilməyən proqramlar, öyrədilməyən müəllim ordusu, anlaşmayan şagirdlər, razılaşmayan valideynlər... Nə qədər inklüzivliyin müsbət cəhətlərini vurğulasaq da, bu, müəllimlərin çox çətin vəziyyətdə qaldığı və heç cür həllini tapmayan məsələlərdən biridir. Nəzəri cəhətdən danışarkən alqışladığımız şeylər sonra müəllimlərə qarşı qarğışlara çevrilir.
Bir sinifdə 29 sağlam 1 inklüziv şagird. Müəllim deyir, bir uşağa görə mən 29 uşağı məhv edirəm, alınmır. Direktor deyir bir yol tap. Valideynlər deyir, bizim uşağımıza psixi və fiziki zərər yetirir, üstəlik uşağım onunla oturmasın.
İnklüziv uşağın valideyni deyir, dövlət icazə verir, düzgün olan budur, mütləq uşaq gəlməlidir, dərs keçin. Müəllim direktor müavininə deyir, "Vallah başa çıxa bilmirəm"
Fərdi proqram varmı? Yox. Psixoloq, defektoloq, məktəb heyyəti, valideynlər müəllimə dəstək olurmu? Yox. Digər şagirdləri daim günahlandırmaq olurmu? Yox.
Dərs ilində proqramdan geri qalanda yenə danlanan müəllim olmurmu?
Bir sinifdə həddən artıq şagird var. Onları idarə etmək olduqca çətindir. Bu güc, ya da peşəkarlıq məsələsi deyil. Bu birbaşa çoxluq məsələsidir. Xüsusilə də, şagirdyönümlülük göstərmək imkansızdır, 2 müəllim əvəzinə 1 müəllim işləyir. Bu onsuz da işsiz müəllim ordusunun yaranma səbəblərindən biridir. Fərdi tədris planı olmadığından müəllimlər daha çox əziyyət çəkir. Köməkçi heyyət yoxdur. Bu da ayrı məqam. Şagirdlərin şikayətləri, irəliləməyən, dərsdə maneçilik yaradan inklüziv şagird, inadkar valideyn, söhbəti özündən uzaq tutan rəhbərlik....
Bəs bu müəllim nə etsin? Evdə təhsil, internatlar... Düşünür müəllim... Burda bir tərslik var. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar içərisindən də, seçilməlidir ki, hansılar sağlıqlı şagirdlərlə eyni parta arxasında otura bilərlər??