Məktəblərimizdə baş verən problemlər məktəbin məsuliyyətidir, yoxsa deyil deyə çox fikir bildirilir. Amma ümumi yanaşdıqda görürük ki, bu heç də birtərəfli yanaşılmalı məsələ deyil.
Qərb siyasətinin açıq aşkar təsiri ortadadır. Yenilik eləmək, tənqidi yanaşmaq, şəxsi inkişaf, özgüvən, inam, motivasiya, sadəcə MƏN anlayışı artıq insanlara elə hopub ki, utanmaq, ədəb, həya anlayışları sıradan çıxıb.
İnsanlar sadəcə özünü düşünür, ürəyi nə istəyir onu edir, çünki dünyaya bir dəfə gəliblər.
Amma bu düşüncə nə qədər düzgündür?
Müəllimlər niyə son zəngləri, bayramları restoranlarda keçirir? Xüsusi rəqslər, xüsusi hazırlıq, tədbirlər, həqiqətən, lazımdırmı?
Ya da valideynlər uşaqlarını niyə əyləncə mərkəzləri, kafelər yerinə muzeylərə, teatra, operaya aparmır?
Yolun ortasında yüksək səslə mahnı oxuyan, rəqs edən, doğum günlərini, son zənglərini restoranlarda keçirən, hər istədiyi alınan, moda ilə ayaqlaşan bu uşaqlar bəs necə olmalıdırlar?
Həyatı bir film kimi yaşamaq, ciddiyə almamaq, heç bir məsuliyyətini dərk etməyən bir gənclik yetişir.
Biz nə yediyini gizlədən bir nəsildən hər yediyini paylaşan bir nəsilə çevrildik.
Biz təzə geyinəndə utanan nəsildən hər geyindiyini, hər aldığını reklam edən nəsilə çevrildik.
Biz böyük yanında danışmağa çəkinən nəsildən böyüklərimizi hədələyən bir nəsilə çevrildik.
Zarafat anlayışı, geyimlər-hər şey dəyişdi. Məgər inkişaf həqiqətən budur?