Son zamanlar təhsilimizdə olan problemlər açıq-aydın göstərir ki, biz mənliyimizə, milliyyətimizə sahib çıxmalıyıq. İnkişaf dedikdə Qərbin əxlaqsızlığı və ya mənfi xüsusiyyətləri formalaşdırılmamalıdır. Bu gün şagirdlərimizin əxlaqi dəyərlərinin heçə enməsi və getdikcə artan zorakılıq halları bizi dərhal tədbir görməyə məcbur edir. Bu baxımdan təklif edirik ki, "Dini mədəniyyət və əxlaqi biliklər" adlı fənn ölkəmizdə tədris olunsun. Necə bir millət olduğumuz, mənliyimiz, mənəviyyatımız, keçmişimiz, dini dəyərlərimiz şagirdlərdə formalaşdırılsın. Səbrin, sevginin, mərhəmətin, inamın nə olduğunu, günahın, savabın nə olduğunu, dünyaya niyə gəldiyimizi, hansı dəyərlərə sahib olduğumuzu bilsinlər.
Əvvəllər başqasının yanında yemək yeməzdik. İndi hər yediyimizi paylaşırdıq. Əvvəl maddiyyat açıqlanmaz, məhrəmiyyət qorunar, böyük-kiçik bilinərdi. İndi isə tam ziddi olur.
Getdikcə Qərbin dinsizləşdirmə, eqoistləşmə, təkəbbürlü olmaq sisteminə keçirik. Nə istədiyini bilməyən, heç nə ilə xoşbəxt olmayan gənclik yetişir. Özünü idarə edə bilməyən, iradəsiz gənclikdən nə gözləyə bilərik?
Dünya təhsil sistemini araşdırdıqda görürük ki, çox ölkələr dini dərslərə yer verir, bəziləri də fakültətik dərs kimi buna yer verib.
Hər hansı layihədə dərhal Türkiyəyə müraciət edirik. Gəlin, indi də onlara baxaq. Həm dini dərslər, həm də "Qurani-Kərim", "Hz. Məhəmmədin həyatı" və s. kimi fakültətiv dərslərə yer verirlər.
Təklifimizin həyata keçirilməsinin ciddi problemlərin qarşısını almaq üçün bir əsas kimi görürük. Nazirliyi bu haqdq düşünməyə dəvət edirik.