Sahil Barlas valideynlərə tövsiyyə verdi:
Əhməd faciəsindən sonra valideynlərə olan bu 5 məsləhətimi bir daha paylaşmaq ehtiyacı hiss etdim. Övladınıza pul və maşın yox, sevgi verin. Sevgisizlik on minlərlə Əhmədlər yetişdirib və onlar ətrafda dolaşır.
1. ️Uşağınızın tərbiyəsi - sizin həyat tərzinizdən başlayır. Həyat tərziniz - uşağınızın şəxsiyyətini inşa edir, onun gələcəkdə kim olacağına hökm verir. Yaddaşınızda yaxşıca saxlayın ki, uşağınız sizi dinəməyə həvəsli deyil, amma sizi təqlid etməkdə olduqca həvəsli və bacarıqlıdır. Uşaqlarınız üçün ən gözəl tərbiyyə nəsihətdən çox gözəl şəxsi nümunə olmağınızdır.
2. Uşaqlarınızın istəklərindən öncə, ehtiyaclarını qarşılamağa çalışın. Dünyamızda uşaqlarının istəklərini qarşılayan valideynlər çox, amma uşaqlarının EHTİYACLARINI qarşılaya bilən valideynlər isə olduqca azdır. Uşaqlarınızın yeməyinə, geyiminə diqqət göstərdiyiniz kimi - duyğularını və ruhlarını qidalandırmağa da diqqət göstərin ki, dünyadakı az sayda olan valideynlərin cərgəsinə qoşulasınız.
3. Övladınıza böyük bir sərvət miras qoymaq istəyirsinizsə, övladınıza kiçik şeylərdən zövq almağı öyrədin. Əlində olanlarla xoşbəxt olmağı öyrədin. Bunun üçün öncə özünüz kiçik şeylərdən zövq almağı öyrənin. Əlinizdə olanlarla xoşbəxt olmağı adətə çevirin. Əlinizdə olmayanlar üçün yas tutub, əlinizdə olanları dəyərsizləşdirməyin.
4. Uşağınıza bağışlayacağınız ən gözəl hədiyyə ÖZGÜVƏN-dir. Unutmayın: uşağınızı siqaret, alkoqol və.s kimi zərərli vərdişlərdən qoruyan mühafizəçi özgüvəndir. Ailədə özgüvəni zədələnən, bacarıqsız, gücsüz olduğuna inandırılan yeniyetmə, küçəyə çıxdıqda inandırılan bacarıqsızlığının, gücsüzlüyünün ayıbını çəkdiyi üçün siqaretə, alkoqola sığınır. Ailəsi tərəfindən itirdiyi özgüvəni siqaretdə, alkoqolda tapdığını zənn edir. Nə zamansa siqareti, alkoqolu tərgitmək istəsə, görəsən, siqaretdən vaz keçsəm o sandığım güclü, üstün adam olacağammı? sualı, tərgitmək istəyini cücərtmədən qoparıb atır. Bax, yeniyetmələri, xüsusən də oğlan uşaqlarını siqaret asılılığına zəncirləyən də məhz o şübhə olmuşdur. Valideynlər bu məsləhətimi qulaqlarında sırğa etsələr, gələcəkdə övladlarının zərərli vərdişlərin caynağında çabalaması dəhşətini yaşamazlar.
5. Uşağınız səhv edəndə, öldürücü baxışlarınızla, ucaldılmış səs tonunuzla, qəzəb dolu sifətinizlə uşağınızın özgüvənini darmadağın etməyin. Səhv edəndə də onun üzünə gülümsəməyi bacarın. Onları sevin! Onları məktəbdə 5 aldığı üçün yox, hər sözünüzə baş üstə dediyi üçün yox, siz internetdən rahatca asılı qalasınız deyə sizi rahat buraxdıqları üçün yox, sadəcə sizin övladınız olduğu üçün sevin!