SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) şirkətin maliyyə dəstəyi, Ali Məktəb və "Baku School of Management” MMC-nin təşkilatçılığı ilə "Layihələrin idarə edilməsi” təlimi keçirilir.
TehsilMedia.az xəbər verir ki, təlim Layihə İdarəetmə İnstitutunun (PMI®️) təqdim etdiyi beynəlxalq Peşəkar Layihə İdarəetməsi (PMP®️) sertifikatını əldə etmək istəyən layihə menecerlərinə və layihələrin idarə edilməsi üzrə mütəxəssislərə tələb olunan bilikləri qazandırmaq məqsədi daşıyır.
Açılışda çıxış edən BANM-in rektoru Elmar Qasımov təlimin əhəmiyyətindən bəhs edərək iştirakçıların layihələrin idarə edilməsi sahəsində lazımi bilik və bacarıqlar qazanacağına, əldə etdikləri biliklərin faydalı olacağına əminliyini bildirib.
SOCAR-ın İnsan Resursları Departamentinin rəis müavini Elnur Hüseynov iştirakçılara uğurlar arzulayıb və vurğulayıb ki, bu təlim onların imtahanda uğur əldə etməsi, qazandıqları biliklərin təcrübədə istifadə olunması baxımından əhəmiyyətlidir.
Təlimə SOCAR-ın 30 nəfər əməkdaşı qatılıb. İştirakçılar 2 qrupa bölünüb və təlim 5 həftəlikdir.
Təlim Los-Anceles Kaliforniya Universitetinin Layihə İdarəetməsi Proqramını fərqlənmə ilə bitirmiş, Kaliforniya İdarəetmə və Elmlər Universitetində Biznesin idarə edilməsi üzrə magistr dərəcəsinə malik Emil Məmmədov tərəfindən keçirilir.