Təhsilin İnkişafı Fondunun Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi və ABŞ-ın “Coursera” şirkəti ilə birgə əməkdaşlığı çərçivəsində “4Sİ Akademiyası” layihəsinə start verilir.
Fonddan "
TehsilMedia.az"a bildirilib ki, “Coursera” 100 milyondan çox insanın təhsil aldığı, 7000-dən çox kursun tədris olunduğu onlayn təhsil platformasıdır. Platformada Harvard, Stenford, Dyuk, Miçiqan, London kimi 300-ə yaxın ən nüfuzlu universitetin sahəvi kursları ilə yanaşı, bakalavr və magistr ali təhsil dərəcəsinə bərabər proqramları da tədris olunur. Bu platformada, həmçinin “Google”, IBM, “Microsoft”, “Amazon”, “Meta” kimi qabaqcıl texnologiya şirkətlərinin karyera və şəxsi inkişafa yönəlik kursları da mövcuddur.
Proqram dövründə tədris dili ingilis dilində olmaqla 4Sİ texnologiyaları, o cümlədən süni intellekt, maşın öyrənməsi, böyük verilənlər (Big Data), data analitika, blokçeyn və bulud texnologiyaları, proqramlaşdırma dilləri, eləcə də liderlik, kommunikasiya kimi bacarıqlar da daxil olmaqla ümumilikdə 89 ixtisaslaşdırılmış alt kateqoriyanı əhatə edən 800-ə yaxın kursdan yararlanmaq mümkün olacaqdır.
Layihənin məqsədi ölkədə dördüncü sənaye inqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına dəstək olmaqdır.
Pilot layihə çərçivəsində müraciətlərin qəbulu avqustun 23-dən başlayacaq,
sentyabrın 7-də isə başa çatacaq. Seçilmiş 10 minə yaxın şəxs sentyabrın 15-dən etibarən bir ildə dünyanın nüfuzlu universitetlərinin və şirkətlərinin təqdim etdiyi tədris proqramlarından 6 həftə ərzində növbəli şəkildə ödənişsiz təhsil almaq imkanı əldə edəcək.
Kursları uğurla bitirən şəxslər sonda oxuduqları proqrama uyğun olaraq “Coursera” platforması tərəfindən sertifikatla təltif olunacaqlar.