Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi tərəfindən həyata keçirilən "Refleksiv müəllim” layihəsi üzrə seminarlar davam edir.
İnstitutdan "TehsilMedia.az"a bildirilib ki, 91 nömrəli tam orta məktəbdə keçirilən seminarda ingilis dili müəllimi Aynur Qasımova VII sinif dərsliyində olan "Past Continuous” mövzusunda icmal təqdim edib. İcmal əsasında dərsin planlaşdırılması, tapşırıqların seçilməsi, iş formaları, beyin həmləsi üsulunun tətbiqi variantları, vaxt bölgüsü, resurslardan istifadə məsələləri müzakirə edilib.
Növbəti seminar 290 nömrəli tam orta məktəbdə təşkil olunub. Azərbaycan dili və ədəbiyyatı müəllimi Şəfa Əhmədova VII sinif dərsliyindəki "Bumeranqı kim icad edib?” mövzusunda icmal təqdim edib. Seminarda tədqiqat sualının qoyuluşu, standartlar əsasında təlim məqsədinin müəyyənləşdirilməsi, standartın reallaşdırılması, fənlərarası inteqrasiya, qiymətləndirmə meyarları məsələləri ətrafında müzakirələr aparılıb.
Riyaziyyat fənni üzrə seminar 254 nömrəli tam orta məktəbdə keçirilib. Məktəbin ibtidai sinif müəllimi Zeynəb Mustafayeva II sinif riyaziyyat dərsliyində olan "Vurma” mövzusu ilə bağlı icmal təqdim edib. Seminarda böyük qrup və ya kollektivlə iş, şagirdlərin qruplara bölünməsi, bütün qruplar üçün eyni səviyyəli tapşırıqların hazırlanması, refleksiyanın aparılması, formativ qiymətləndirmə, konstruktiv rəyin verilməsi ilə bağlı müzakirələr aparılıb.
Hər üç seminar zamanı ümumi razılıq əsasında icmal üzərində təkmilləşdirmə işi aparılıb.