Şagirdlər artıq 3 aylıq yay tətili müddətindədirlər. Dərslərdən azad olmaları onlara xeyli asudə vaxt verib. Əyləncəyə, oyunlara, gəzməyə, valideynləri ilə vaxt keçirməyə daha çox imkanları var. Ancaq bütün valideynlər övladlarının yay tətilini düzgün və faydalı keçirməsinə yardımçı ola bilir?
Necə edək ki, yay tətili uşaqlar və valideynlər üçün daha maraqlı və faydalı keçsin?
TehsilMedia.az bildirir ki, övladları ilə daha yaddaqalan tətil keçirmələri üçün Narınc Psixologiya Mərkəzinin psixoloqu Sevinc Ələkbərli azedu.az-a açıqlamasında valideynlərə öz tövsiyələrini verib:
“Valideynlərin övladları üzərində basqıları çox olur. Bu zaman da yaş kateqoriyasından asılı olmayaraq uşaqlar telefona daha çox meyl edirlər. Orada özlərinə dost, əyləncə tapmağa çalışırlar. Valideynlər onlarla vaxt keçirsə, övladlarının da telefona ayırdığı zamana nəzarət edə bilərlər. Yaş kateqoriyasına uyğun, məsələn 6-10 yaş aralığında olan uşaqlara əyləncəli oyunlar oynamaq, valideynləri ilə vaxt keçirmək daha xoş olur. Yay tətilində bir çox valideyn evdə daha çox olur. Axşamdan sabahkı gün nə edəcəkləri, hara gedəcəkləri, hansı saatda, hansı məşğuliyyətləri olacağını planlasınlar.
Gündəlik işlərini görərkən belə övladları ilə vaxt keçirə bilərlər. Məsələn, hansısa yeməyi hazırlayarkən uşaqlarından köməkləşsinlər. Bu eyni zamanda atanın gördüyü işlərə şamil oluna bilər. Valideyn görəcəyi işdə qızından və ya oğlundan kömək istəyərək həm görəcəyi işi yerinə yetirər, həm övladı ilə vaxt keçirər, həm də onlara nəyisə öyrədə bilər”.