Valideynləri ən çox narahat edən məsələlərdən biri övladlarının dərs oxumağa həvəs göstərməməsidir. Valideynlər nə qədər dil töksələr də, uşaqların dərs oxumağa meyili olmur. Bəs problemin həll yolu nədir? Necə etmık lazımdır ki, uşağın dərsə olan marağı artsın? Hansı metod və üsullardan istifadə etmək lazımdır?
Bununla bağlı psixoloq
Fərqanə Mehmanqızı TehsilMedia.az-a açıqlama verib.
O bildirib ki, dərs oxumaq iradə məsələsidir. Uşağın dərsə olan marağını, meylini artırmaq üçün iradəsini gücləndirmək, kitab və yaxud dərs oxumağı adət halına çevirmək lazımdır. Və uşaqlar gördüklərini təkrarlamağa meyilli olurlar. Evdə kitab oxumağa həvəs varsa, bu, uşaqda da həvəs yaradır.
O bildirib ki, uşağa məcburən dərs oxutmaq yalnış addımdır. Çünki onlar məcburən oxuduqları dərsdən zövq almayacaqlar.
Övladınızla daim ünsiyyət qurmağa çalışın. İstəklərinə, arzularına diqqət edin. Dərsi maraqlı oyuna çevirərək uşaqda maraq yarada bilərsiz.
Uşağı dərs oxumağa təşviq edən zaman ona qayğı ilə yanaşın. Ona əsəbləşərək, qışqıraraq istədiyinizə nail ola bilməzsiniz.
Onun marağını cəzb edə biləcək bilik oyunları və yarışlar keçirdin.
Ona stimul olacaq hədiyyələr bəxş edə bilərsiniz. “Bu dərsindən yaxşı qiymət alsan, sənə bu hədiyyəni alacam”.
Uşağın özünə olan inamının artırılması da əsas faktorlardan biridir. Uşağın dərs oxuması üçün ailənın yaratdığı şərait mühüm rol oynayır.
Ülkər Abdurahmanlı