8 iyunda müəllimlərin təkrar sertifikatlaşdırılması imtahanından 4 minə yaxın müəllim qeyri-məqbul bal toplayıb. Bu da öz növbəsində ictimaiyyətdə müzakirə predmenti olan məsələyə çevrilib.
Bəziləri düşünürlər ki, müəllimlərin bəziləri repetitorların fəaliyyətinə görə sinifdə dərs keçmirlər, bu da öz növbəsində tədris etdikləri fənni unutmalarına səbəb olur.
Ramin Nurəliyevin sözlərinə görə, valideynlərin heç biri öz fənnini minimum səviyyədə belə bilməyən müəllimin övladlarına dərs deməsinə razı olmayacağını vurğulayıb:
“8 iyunda keçirilən sertifikasiya imtahanı və onun nəticələri ölkə gündəmində həqiqətəndə dəhşətli bir faciənin olduğunu ortaya qoyur. Hansı ki, bu imtahanda iştirak edən müəllimlər keçən tədris ilində sertifikasiya imtahanından müsbət nəticə almayan müəllimlər idi. Həmin müəllimlərə Elm və Təhsil Nazirliyi tərəfindən bir daha şans verildi. Əslində bu şans təhsilverənlərə bir il ərzində öz üzərlərində işləməyə fürsət olmuşdu.
Çox təəssüflər olsun ki, bugünkü gördüyümüz mənzərə acınacaqlıdır. “ 2” alan bir müəllim axı şagirdə necə dərs deyə bilər? Acınacaqlı olmağının digər səbəbi isə bu müəllimlərin əksəriyyətinin ibtidai sinif müəllimləri olmasıdır. Valideyn övladını 1-ci sinifə qeydiyyatdan keçirməyə gələndə istəyir ki, uşağı ən yaxşı ibtidai sinif müəllimin sinifində olsun.
Bunu hər birimiz istəyirik. Təəssüf ki, ibtidai sinif müəlliminin nəticəsi belə zəif olduqda, heç bir valideyn övladına həmin müəllimin dərs keçməsini istəməz. Bu məsələ digər günlərdə keçiriləcək sertifikasiya imtahanında iştirak edəcək müəllimlərə də nümunə olmalıdır”.
Həmsöhbətimiz bəzi müəllimlərin sinifdə dərs keçməməsini şagirdlərin repetitorlara üz tutmasına səbəb olduğunu vurğulayıb:
“Bəzi müəllimlərin dərs vaxtı fənnini tədris etməməsinə əsas səbəb onların tənbəlləşməsi ilə bağlıdır. Bəs,bu tənbəlliyin kökü hardadır? Müəllim fikirləşir ki, onsuzda şagird oxumur, mən sabahkı dərsə hazırlaşmasam da olar. Bəzi müəllimlərin sinifdə dərs keçməməsi şagirdlərin repetitorlara üz tutmasına səbəb olur. Və yaxud tam tərsi. Təhsilverənlərin bəziləri düşünür ki, onsuz da şagirdlər repetitor yanına gedirsə, sinifdə dərs deməsə də olar.
Halbuki bu müəllimlərin əksəriyyəti azı 10 illik iş təcrübəsi olan müəllimlərdir. Onların öz-özünü yetişdirməməsi, şagirdin qarşısına hazırlıqsız gəlməsi, özünü təkmilləşdirməməsindən irəli gəlir. Sertifikasiyaya düşən suallara nəzər yetirsək, müəllimin dərs keçdiyi fənnə aid olan sualların yer aldığını aydın şəkildə görmək olur. Yəni kənar deyil. Deməli müəllim yetəri səviyyədə dərsini keçmir, nazirliyin verdiyi illik proqramı kifayət qədər şagirdlərə mənimsətmir.
Bu da öz növbəsində artıq müəllimin tənbəlləşməsinə gətirib çıxarır. Bunu bütün müəllimlərə şamil etmək olmaz. Əlbəttə, sertifikasiyada 30 mindən çox müəllim iştirak etdi və onlardan 22 minə yaxın müəllim müsbət nəticə aldılar”, deyə ekspert qeyd edib.