Son dövrlərdə şagirdlərin, abituriyentlərin davranış qaydaları, tələbə-müəllim münasibətləri ciddi şəkildə pozulub. Bu, həm müəllimlərdə, həm də valideynlərdə narahatlıq hissi doğurur. Bu səbəbdən bu cür halların qarşısının alınması məqsədilə şagirdlərə psixoloji pasportlar veriləcək. Bu kimi neqativ hallar üçün bu çarə nə qədər effektiv olacaq? Müasir gəncliyimizin sonu hara gedir?
Bizi narahat edən suallar barədə TehsilMedia.az-a psixoloq Fərqanə Mehmanqızı açıqlama verib:
"Müasir gənclərimizin psixoloji vəziyyətləri dəyişkəndir. Müəyyən bir cəmiyyət və kütlələr var ki, onların özlərinə xas xüsusiyyətləri var. Gənclərimizin bir qisminin imtahana soyuq silah gətirməsi, intihara meyilli olmasını bütün gəncliyə şamil edə bilmərik. Qeyri-etik davranışlara yol verən tələbələrdə özgüvən əksiyliyi var. O ki, bu uşaqlar ictimai-sosial mühitdə özlərini təsdiq etməyə çalışırlar. Bu məsələnin kökündə həmin gənclərin izlədiyi filmlərin, eşitdikləri kriminal xəbərlərin də böyük təsiri var. Beləliklə, onlarda kriminal aləmə maraq formalaşır. Həmin filmdəki kriminal obrazları öz həyatlarında canlandırırlar. Beləliklə, onlar bu davranışları ilə ətrafındakı insanlardan üstün olduqlarını göstərməyə çalışırlar.
Psixoloji pasportların icrası həyata keçirilən zaman artıq belə şagirdlərin psixoloji vəziyyəti əvvəlcədən müəyyən olunacaq. Bu pasport onların gələcək karyeralarında uğur qazanmaqlarında da mühüm rol oynayacaq."
Psixoloji pasportların əhəmiyyətini xüsusi vurğulayan psixoloq F.Mehmanqızı bu davranışların qarşısının alınmasında ailə faktorunu da diqqətə çatdırıb. O bildirib ki, övladlara daima xüsusi diqqət və qayğı ilə yanaşılmalıdır. Hər bir valideyn övladının olduğu mühiti tanımalıdır. Bu baxımdan valideynlərlə maarifləndirmə işləri aparılmalıdır.
Ülkər Abdurahmanlı