Prezident İlham Əliyev qeyd edib ki, İran vasitəsilə Naxçıvana dəmiryol və avtomobil yolunun çəkilməsi ilə bağlı razılıq əldə olunub. Amma, bir çoxları deyirdilər ki, Azərbaycan Rusiyaya görə Zəngəzur dəhlizini silah yolu ilə açacaq.Mövzunu "
TehsilMedia.az"a şərh edən politoloq
Məhəmməd Əsədullazadə bildirib ki, Ermənistan "Zəngəzur" dəhlizinin açılmasında maraqlı deyilsə, heç Azərbaycan da maraqlı deyil: "Ermənistan növbəti dəfə regional layihələrdən kənar qalır. Göründüyü kimi, İran öz maraqları konteksində Ermənistanı kənara atdı. Halbuki Ermənistan siyasi iradə ortaya qoyub, dəhlizin açılmasına gedə bilərdi. Sadəcə, Azərbaycana qarşı pataloji nifrətləri bunun qarşısını aldi. Bununla da ermənilərin dövlət şüuru olmadığı bir daha sübuta yetirildi. Azərbaycan da məhz İranla son dövrlərdə yaşanan ciddi böhrana görə İran ərazisindən bu dəhlizə getməyə bilərdi. Amma, Azərbaycan dövlətinin strateji hədəfi və dövlət maraqları bunun reallaşmasını labüd edirdi. Demək olar ki, Rusiya da, İran da Ermənistanı sahədə tək buraxdı. ABŞ ümumiyyətlə, Zəngəzur dəhlizinin əleyhinə olub. İstər, Ermənistandan keçsin, istərsə də İrandan. Çünki, Çinin "Bir qurşaq, Bir yol" layihəsinin əsas seqmenti olaraq Avropa ilə Asiyanın əsas quru arteriyası olacaq. Ona görə də, ABŞ orta dəhlizə isti baxmır. Vaşinqton məhz "Baharat" dəhlizini ortaya atmaqla Hindistan-Səudiyyə Ərəbistanı və İsrail üzərindən yeni dəhliz memarandumu imzalamışdı".

Politoloqun sözlərinə görə, İsraildə baş verən müharibə Səudiyyə Ərəbistanı-İsrail əlaqələrinin yenidən pozulmasına, bu dəhlizin perspektivinin ciddi zədələnməsinə yol açdı: "Gözlər yenidən "Zəngəzur" dəhlizində olacaq. Bu dəhlizdən Hindistanda istifadə edəcək. Nəticədə Hindistanın Ermənistana dəstəyi zəifləyəcək. Azərbaycan bununla da nəzərdə tutulan Hindistan, İran və Ermənistan-Şimal dəhlizinin üstündən xətt çəkdi. Artıq Azərbaycan Ermənistanı hər iki dəhlizdən məhrum etdi. Ermənistan növbəti dəfə sinifdə qaldı".