Son 20 ildə dövlət büdcəsindən təhsilə ayrılan xərclər 19 dəfə artıb. Baş nazir Əli Əsədovun bu barədə olan çıxışı xüsusi maraq doğurur. Məlumata görə, "2023-cü il dövlət büdcəsi haqqında" Qanunda təhsilə 4,4 milyard manat vəsait ayrılıb. Bəs görəsən, ötən dövr ərzində təhsilə ayrılan xərclər 19 dəfə artdığı halda təhsilin keyfiyyətində bu rəqəmi görmək mümkündürmü?
TehsilMedia.az xəbər verir ki, təhsil ekspert Nadir İsrafilov bildirib ki, Baş nazirin fikirləri faktdır, ancaq ölkədə çox zaman təhsilin keyfiyyətinin aşağı olmasını müəllimin əmək haqqı ilə izah edirlər: “Hələ təhsilə olan baxışlarımızı dəyişməmişik. Bu gün təhsilin keyfiyyətini onunla izah edirik ki, neçə nəfər 700, yaxud 600 bal topladı, neçə nəfər ali məktəbə qəbul oldu, eləcə də neçə nəfər Prezident təqaüdünə layiq görüldü. Məsələn, bizdə elə il olub ki, 25 nəfər 700 bal toplayıb, növbəti il bu say 3 nəfər olub. Yaxud elə il olub ki, 1 nəfər belə 700 bal toplamayıb. Bu, əsas verirmi ki, təhsilin keyfiyyətinin aşağı olduğunu deyək? Təhsilin keyfiyyəti nə 1-5 ildə aşağı düşə, nə də yuxarı qalxa bilər. Təhsilin keyfiyyəti sosial kateqoriyadır”.
Ekspertin sözlərinə görə, təhsilin keyfiyyətinə yanaşma dəyişməyincə, bu barədə söz demək olmaz: “Müəllim nüfuzunun yüksəldilməsi üçün əmək haqqının yüksəldilməsi kimi bütün variantlara əl atılır. İldən-ilə əmək haqlarında artım müşahidə edilir. Hazırda sertifikasiya keçirilir və müəllimlərin peşə səviyyəsi müəyyənləşir. Yüksək bal toplayanların da əmək haqqında müəyyən artımlar olur. Ölkənin büdcəsi, sosial xərclər artdıqca, müəllimlərin əmək haqqında artım gözlənilir. Bu vəsait yalnız müəllimlərin əmək haqqı üçün nəzərdə tutulmur, burada strukturlar, texniki təchizat da yer alır. Yəni infrastruktur məsələsi də xeyli vəsait tələb edir. Çox təəssüf ki, büdcədən çox vəsait ayrılanda elə hesab edirik ki, ancaq müəllimlərin əmək haqqı üçün nəzərdə tutulur".
TƏHSİL MEDİA