Repetitorluq fəaliyyəti cəmiyyət tərəfindən hər zaman müzakirə olunan məsələlərdən biridir. Son vaxtlar səslənən fikirlərdə qeyd edilir ki, repetitorluqla məşğul olan müəllimlər ümumtəhsil müəssisələrində fəaliyyət göstərməsinlər.
TehsilMedia.az xəbər verir ki, azedu.az-a açıqlama verən Təhsil və qəbul məsələləri üzrə ekspert Ramin Nuraliyev bildirib ki, “Repetitor müəllim məktəbdə dərs deməsin” fikri tamamilə yanlışdır:
“Əgər müəllim dövlətin, Elm və Təhsil nazirliyinin təyin etdiyi MİQ imtahanında iştirak edib, müəyyən nailiyyət əldə edərək imtahandan keçirsə, həmin müəllimlərin məktəblərdə dərs deməsinə əngəl olmaq doğru yanaşma deyil. Hər bir vətəndaşın hüququdur ki, dövlətin verdiyi imtiyazlardan istifadə etsin. Hətta repetitor müəllimlərə belə bir imtiyaz verilir ki, MİQ imtahanında iştirak edib, lazım olan balı toplayıb, müsabiqə şərtlərini tam yerinə yetirməklə məktəblərdə fəaliyyət göstərsinlər. Təbii ki, məktəbdə işləyəndən sonra repetitor fəaliyyəti onun fərdi peşəsidir”.
Ekspert vurğulayıb ki, repetitorluq fəaliyyətinə kölgə salaraq rəqabət aparmaq düzgün deyil:
“Bəzi kurs rəhbərləri tələbələrin repetitorlardan uzaqlaşıb kurslara gəlməsini təmin etmək üçün xüsusi kampaniyalar həyata keçirməyə çalışırlar. Bazar iqtisadiyyatında açıq rəqabət aparmaq istəyirlərsə, bu rəqabətin bir yolu deyil. Təhsil sistemində vəziyyət yaxşı deyil. Çünki təhsil sistemi dəyişmədikcə, repetitor fəaliyyətinə hər zaman ehtiyac olacaq”.