"Çox təəssüf ki, Azərbaycanda kişi müəllimlərin sayı kəskin şəkildə azalıb. Belə ki, Azərbaycanda ümumilikdə 22 min 461 kişi, 121 min 284 qadın müəllim var. Bu isə gələcək genefondumuz üçün təhlükə yaradır".
Bu fikirləri "
TehsilMedia.az"a açıqlamasında təhsil eksperti Kamran Əsədov səsləndirib. O bildirib ki, müəllimlərin gender fərqi bölgələr üzrə daha acınacaqlıdır: "Hazırda 33 min 312 müəllim paytaxt Bakıda fəaliyyət göstərir ki, onlardan 2590 nəfəri kişi müəllim, 30 min 722 nəfəri qadın müəllimlədir. Regionlarda isə 110 min 433 nəfər müəllimimiz var ki, onlardan 19 min 871 nəfərini kişi müəllimlər, 90 min 562 nəfərini isə qadın müəllimlər təşkil edir. Rəqəmlərdən göründüyü kimi, həm regionlarda, həm də paytaxtda fəaliyyət göstərən kişi və qadın müəllimlər arasında kəskin fərq var. Bu təhlili yaş kateqoriyası və fənlər üzrə daha da genişləndirsək, ortaya xoş olmayan bir mənzərə çıxacaq. Mütləq şəkildə kişi müəllimlərin sayını artırmaq lazımdır. Bunun şagirdlərin fərd kimi inkişafına bilavasitə təsiri var. Kişi müəllimlərin sayının azlığı təhlükəlidir", - deyə ekspert fikirlərini tamamlayıb.
Müşviq Tofiqoğlu