Bu gün müəllimlərimizin məyus qaldığı məsələlərdən biri Summativ qiymətləndirmə keçirilməsi üçün lazım A4 vərəqləridir. Məsələ burasındadır ki, nə Nazirlik məktəbləri bu ehtiyaclarla təmin edir, nə də məktəb müəllimləri A4 vərəqləri ilə təmin edir. Bu zaman da ortaya çıxan mənzərə qınaq obyektinə çevrilir. Valideynlər uşaqlardan A4 tələb edildikdə narazılıqlarını dilə gətirir, müəllimi günahkar edirlər, müəllimlər isə həmin A4-lərə verilən pulu öz maaşları ilə almağı çatdıra bilmədiklərini dilə gətirirlər. Müəllim maaşı məlumdur, ailə qayğıları, ehtiyaclar deyərkən hər dəfə A4 vərəqlərinə, printerə verilən pul bəzi müəllimlər üçün maddi problem yaradır. Çıxış yolu kimi, valideynlərdən dəstək gözlədikdə şikayət və təhqiramiz sözlərlə qarşılaşırlar. Məktəb isə müəllimləri təmin etmir. Məktəb rəhbərliyi də Nazirlikdən belə bir yardım edilmədiyini və necə etməli olduğunu bilmədiklərini bildirir.
Hətta məktəblərin çoxunda printer, skaner kimi ləvazimatlar da yoxdur. Buna da əlavə xərc çəkilir. Nəzərə alsaq ki, bir yarım ildə 4-6 həftədən bir KSQ keçirilməlidir. Minimum 3, maksimum 6 KSQ olmalıdır. Burdan belə çıxır ki, hər müəllim verilən sinif sayı, şagird sayı qədər əlavə xərci hər ay aldığı maaşdan ödəməlidir.
Valideynlərdən istənildikdə isə bu birmənalı qarşılanmır. Çünki maddi vəziyyəti yaxşı olmayan valideynlər hər ay əlavə vərəq üçün, imtahan üçün pul verməyi normal qarşılamır. Şikayət edir, hətta təhqiramiz ifadələr işlədir. Uşağın da imtahan üçün vərəqim biz veririksə, onda siz nə üçünsüz? və s. ifadələr işlədirlər. Hətta İcra nümayəndələrinə, Regionallara rüşvət adı ilə şikayətlər ünvanlayırlar.
Hazırda bəzi məktəblərdə TEAMS vasitəsilə keçirilir. Deyə bilərsiniz ki, bəli, bu çıxış yoludur. Amma o da o qədər bəsit deyil. Bəs portfolioda necə yerləşdiriləcək?
Üstəlik əgər məktəbə printer, skaner kimi adi ləvazimatlar verilməyibsə, məktəb bunlarla təmin edilməyibsə, şagird sayı qədər işlək komputerin olması, normal səviyyədə internetin olması, sizcə, təmin edilə bilərmi?
Azərbaycan təhsili buna hazırdır?
Hansısa litseyi demirəm, hansısa rayonun, hansısa kəndlərin məktəblərini nəzərdə tuturam.
Mütləq həlli tapılmalı məsələlərdəndir. Hər ay müəllimlərin maaşlarından bir də bu KSQ, BSQ-lərə görə pul gedir. Bu düzgün deyil. Bunu dövlət təmin etməlidir və problemi həll etməlidir.