İt insanın sədaqətli dostu hesab olunur. Amma belə bir deyim də var: İtlə dostluq et, lakin çomağı yerə qoyma. Bəzən itlərdən elə təhlükə gəlir ki, ehtiyatlı olmağın vacibliyini anlayırsan.
Son zamanlar küçə itlərinin hücumları sayəsində yaralanan və yaxud ölən insanların sayı gündən-günə artır.
Küçə itlərinin sıxlıq təşkil etdiyi yerlərdən biri də Sabirabad şəhəri Mirzə Ələkbər Sabir adına 1 nömrəli tam orta məktəbdir. Məktəbin qarşısında sürü halında dolaşan küçə itlərinin əlindən valideynlər, müəllimlər və şagirdlər hərəkət edə bilmirlər. Şagirdlər bu itlərə görə dərsə gəlməyə də qorxurlar. Sahibsiz itlər kabusa çevriliblər.
TehsilMedia.az-a daxil olan şikayətə görə, valideynlər və müəllimlər bildirir ki, burada sürüylə gəzən itlər onlara göz verib işıq vermir. Bu itlər məktəbin kollektivinə qənim kəsiliblər. Valideynlər bildirir ki, övladlarını məktəbə göndərməyə qorxurlar.
Məsələylə bağlı aidiyyatı qurumlara müraciət olunub. Ümid edirik ki, bu problem tezliklə həll olunacaq.