Məktəblər dövlət müəssisəsidir,dövlətin maliyyə çətiri altındadır. Məktəbə veriləsi nə varsa, bunu dövlət öz üzərinə götürür və bunu öz təhsil qanunu ilə də tənzimləyir. Belə ki, Azərbaycan respublikası təhsil haqqında qanunun 38.4 maddəsinə əsasən "Dövlət təhsil müəssisəsinin maliyyələşdirilməsi təhsilin hər pilləsi üzrə müəyyən edilmiş maliyyə normativlərinə əsasən həyata keçirilir. Bu normativlər təhsil müəssisəsinin tipinə, növünə və kateqoriyasına uyğun olaraq hər bir təhsilalana düşən məsrəf və məbləğ nəzərə alınmaqla müəyyən edilir".
Gördüyünüz kimi, dövlət təhsil müəssisələrinə müəssisə üçün lazım olan hər bir şeyi özü verir, yəni məktəbə lazım olan nə varsa, onlar hamısı dövlət tərəfindən qarşılanır.
Təbaşir və A4 kağızları məktəblərin ən yaralı yerləridir. Xüsusilə kənd və rayon məktəblərinə gedib çıxa bilməyən bu ləvazimatların kimlərin zavalına gəldiyi isə gün kimi ortadadır.
Şirvan-Salyan Regional Təhsil İdarəsinə daxil olan məktəbə verilməli olan təbaşir və A4 vərəqləri niyə verilmir? Yaxud da ki, normadan, həddən artıq az verilir (yalnız rəhbərliyin öz sənədlərini çıxara biləcəyi qədər). Qanundan da oxuduğunuz kimi bu kimi ləvazimatlar şagird sayına görə müəyyən normativlərə əsasən verilməlidir. Bəs verilməlidirsə, niyə verilmir? Və ya normadan qat-qat aşağı, "gözə kül üfürmək məqsədi ilə" az -maz verilir. Axı onsuz da, qəpik-quruşa məhkum edilmiş müəllim ordusu bu qədər şeyi qarşılaya da bilmir.
Ümumiyyətlə, məktəblərə verilməli olan təmizlik vasitələri, texniki vasitələr, kargüzarlıq üçün lazım olan vasitələr, idman üçün lazım olan vəsaitlər və.s niyə məktəblərə gəlib çıxmır? Kimdir bunların qarşısını alan?
Bəs idarə müdiri, gənc direktorların "düzgünlük etalonu" olan
Sənan Mənsimli - bu qədər mal və materialların məktəblərə gəlib çıxmasına cavabdeh olan şəxs niyə bunları təmin edə bilmir? Hər kəs çox gözəl bilir ki, bu tip mallar məktəb qapısı tanımır (nə qədər aktlar da yazsalar, protokollar da tərtib etsələr, məktəblər, ordakı vicdanlı müəllimlər və şagirdlər ən böyük güzgüdür).
Sənan Mənsimlinin, onun kadrlarının da sevmədiyi, keçmiş Biləsuvar rayon təhsil şöbəsinin müdiri olan şəxsin dövründə məktəblərdə təbaşir və A4 vərəqlərinin əlindən tərpənmək olmurdu (həmin şəxsin idarəçilik sistemində nöqsanlar olsa da, gərək düzə düz, əyriyə də əyri deməyi bacarasan). Elə ki, Sənan Mənsimli Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri təyin olundu bu mal və məhsullar məktəb qapısı tanımadı.
Summativlərin elektron versiyada keçirilməsi daha yaxşı üsuldur, amma necə və hansı vasitələrlə? Təkcə bizim məktəbə 8 noutbuk veriblər ki, onun da ikisi işləmir və üstəlik də bu noutbuklar 3 aya yaxındır ki, Biləsuvar rayon təhsil sektoru tərəfindən bilinməyən bir şey üçün yığılıb və hələ də verilmir.
A4 vərəqlərini çıxartmaq üçün lazım olan printerlər, onların təmiri, kartric doldurulması və.digər xərclər isə yenə də yazıq müəllimlərin öhdəliyinə düşür. Əksər məktəblərdə isə, ümumiyyətlə, heç printer də yoxdur və müəllimlər rayon mərkəzlərində summativləri çıxardırlar.
Onsuz da məktəblərə verilən ləvazimatların bazar dəyərindən qat-qat artıq yazılıb verildiyi heç kimə sirr deyil. Bəs belə olan halda məktəbə idarə və sektor tərəfindən verilməli olan mal və məhsulları min bir əziyyət və problem, kredit içində boğulan müəllimlər niyə öz cibindən ödəməlidir?
TƏHSİL MEDİA